
Azərbaycan müstəqillik qazandığı gündən Qəbələ RLS-in gələcək aqibəti bütün ölkələrin siyasi dairələrində düşünülür. Niyə? Ona görə ki, əsasən bütövlükdə Yaxın və Orta Şərqi nəzarətdə saxlayan bu obyekt adıçəkilən bölgə ilə yanaşı, NATO-nun üzvü olan Türkiyəni, Şərqi Avropanı, Rusiyanın özünü və yanacaq resursları ilə zəngin Mərkəzi Asiyanı əldə saxlamaq üçün çox vacibdir.
Yeri gəlmişkən, Avropa və Amerikanın siyasi xadimləri Qafqazın özünü dünyanın hərbi-siyasi düzəninə təsir göstərən bölgə adlandırırlar.
Pentaqon yenidən bəyan edib ki, Rusiyanın Azərbaycan ərazisində yerləşən Qəbələ RLS-dən və Armavirdəki eyni təyinatlı stansiyadan birgə istifadənin mümkünlüyünü araşdırır. Bu məlumatı "İnterfaks"a ABŞ müdafiə nazirinin müavini Aleksandr Verşbou deyib. Rusiya paytaxtında məsləhətləşmə aparan A.Verşbou deyib ki, raket hücumu ehtimalından qaynaqlanan ümumi təhlükə qarşısında informasiya mübadiləsi aparmaq mümkündür: "Bu, raket hücumundan müdafiə sahəsində NATO ilə Rusiya, yaxud ABŞ-la Rusiya arasında əməkdaşlığın başlanğıcı ola bilər".
Maraqlıdır, Vaşinqton dəfələrlə səslənən fikirləri bu gün yenidən təkrarlamaqla hansı məqsədi güdür?
Hərbi ekspert Yaşar Cəfərlinin fikrincə, Hind okeanınadək geniş ərazini nəzarətdə saxlayan Qəbələ RLS kimi vacib obyektin diqqətdə saxlanması təbidir: "Putin Rusiyada prezident olarkən Birləşmiş Ştatlara təklif etmişdi ki, Şərqi Avropada raketdən müdafiə qurğuları yerləşdirməkdənsə, Qəbələ RLS-dən birgə istifadə etmək imkanlarını araşdırsınlar. Yəni Putin bu yolla Rusiyanın Qərb sərhədlərində güvənliyi artırmaq, əvəzində cənub qapılarının - Qafqazın təhlükəsizliyini təmin etmək məqsədi güdür. Amma amerikalılar hələlik konkret cavab vermirlər və bu səbəbdən də vaxtaşırı bu məsələni ortaya atırlar". RLS-in fəaliyyəti iqtisadi-maddi və hərbi təhlükəsizlik baxımından Azərbaycana nə verir? Yeri gəlmişkən, neçə illərdir bir sıra yerli və xarici mütəxəssislər adıçəkilən stansiyanın bölgəni yüksək dərəcədə şüalandırdığına dair (xərçəng, ürəktutma və s. xəstəliklərin yayılması, nar kimi subtropik meyvələrin qısa vaxtda çürüməsi - V.T.) çıxışlar edirlər. Təbii ki, Rusiya həmin obyekti işlətməklə Azərbaycana ildə 7 milyon dollar həcmində icarə haqqı ödəyir. Amma bu vəsait dəyən ziyanı ödəyirmi? Y.Cəfərli hərbçi olsa da, bu kimi məsələlərə şərh vermək istəmədi. Onun fikrincə, Qəbələ RLS Rusiyaya icarəyə verilərkən güman ki, bu kimi məsələlər öyrənilib-düşünülüb. Yəni ziyanı xeyrindən çox olsaydı, hökumət sazişə imza atmazdı: "O ki qaldı siyasi tərəflərinə, əgər Rusiya və ABŞ kimi superdövlətlər Azərbaycan ərazisində yerləşən hansısa obyektlə bağlı razılığa gəlirlərsə, bu ancaq bizim ölkənin xeyrinədir. Yəni Azərbaycan həm bu iki böyük dövlətin razılağa gəlməsində əlaqələndirici olar, həm də bir sıra problemlərinin həllində adıçəkilən ölkələrdən dəstək alar. O cümlədən işğal olunmuş ərazilərin geri qaytarılması məsələsində güzəştlər əldə edər".
Bir faktı da xatırladaq ki, Qəbələ RLS çoxlarının düşündüyündən fərqli olaraq hansısa təhlükəni məhvetmə funksiyasını daşımır. Obyekt yalnız islam şərqinin hava məkanını nəzarətdə saxlayır. Əgər belə bir təhlükə mövcuddursa, RLS məlumatı mərkəzə ötürür və başqa bir obyekt məhvetmə əməliyyatını həyata keçirir. O zaman Qəbələ RLS-in Azərbaycanın təhlükəsizliyi məsələsində rolu nədən ibarət ola bilər? Y.Cəfərlinin fikrincə, həmin obyektin birbaşa Bakının sərəncamına verilməsinin Azərbaycana nə xeyri var, nə də ziyanı: "Qəbələ RLS elə qurulub ki, onun buraxdığı radiodalğalar Azərbaycan da daxil olmaqla keçmiş SSRİ ərazisini tutmur. Yəni Ermənistanla Gürcüstan nəzarətdən kənar qalır. Türkiyə və ya ərəb ölkələrindən isə bizi hər hansı təhlükə gözləmir. Eyni zamanda Azərbaycanın Hind okeanı sahillərində təyyarələrin hərəkətini izləməyə maraqlı olduğunu da düşünmürəm. Hələ bu obyektin saxlanması və işləməsi üçün çəkiləcək xərcləri demirəm". Y.Cəfərli sonda onu da vurğuladı ki, adıçəkilən RLS ya ABŞ-la Rusiyanın birgə nəzarətində olacaq, ya da Moskva əvvəlki kimi təkbaşına idarə edəcək. Yəni Rusiya bütün hallarda ondan əl çəkməyəcək.