
İqtisadi İnkişaf Nazirliyi yanında İstehlak Bazarına Nəzarət üzrə Dövlət Xidmətinin keçirdiyi növbəti monitorinqlər zamanı paytaxtın Nəsimi rayonunda yerləşən "World market"də, "Nərgiz" firmasına məxsus "Siti mart market"də, "İsgəndər market"də, Nərimanov rayonunda yerləşən "Zəngəzur market"də, Xətai rayonundakı "Ülvi market"də və Sabunçu rayonunda yerləşən "F.T market"də ümumi çəkisi 100 kiloqrama yaxın saxlama müddəti ötmüş ərzaq məhsulları - pivələr, mayonezlər, kolbasa və qənnadı məmulatları, bitki yağları, süd və süd məhsulları, sərinləşdirici içkilər və bu kimi məhsullar aşkarlanaraq satışdan çıxarılıb. Qanun pozuntusuna yol vermiş 1 hüquqi və 5 fiziki şəxs barədə inzibati xəta haqqında protokol tərtib edilib. Nazirliyin mətbuat xidmətindən "Həftə içi"nə verilən məlumata görə, bu şəxslər barəsində qanunvericiliyə müvafiq qaydada inzibati cərimələr tətbiq olunacaq. İstehlakçılardan istifadə müddəti ötmüş, keyfiyyətsiz malların satışı halları ilə rastlaşdıqda 498-15-01 və 498-15-04 nömrəli telefonlarla İstehlak Bazarına Nəzarət üzrə Dövlət Xidmətinə məlumat vermələri xahiş olunur.