Uçqunla bağlı cinayət işi qaldırılıb
Bakının Nizami rayonu ərazisində 3 nəfərin ölümünə səbəb olan uçqun hadisəsi ilə bağlı cinayət işi qaldırılıb. Bu barədə "Həftə içi"nə məlumat Nizami RPİ-dən verilib. Məlumatda bildirilir ki, cinayət işi Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizə qaydalarını pozma, ehtiyatsızlıqdan insan ölümünə səbəbolma) maddəsi ilə qaldırılıb. Hazırda cinayət işinin istintaqı Bakı şəhər Prokurorluğunda aparılır. Xatırladaq ki, iyulun 25-də saat 14:00 radələrində Nizami rayonunun Şərq küçəsi - 1 ünvanında "KİBRİYA STA" şirkətinin işçiləri dərin quyunun uçması nəticəsində torpaq altında qalmışdılar. Hadisə nəticəsində 3 nəfər - Abdullaqed Əbdülağayev, Masallı rayon sakini Əlicəfər Cahangirov və Ağdam rayonundan olan məcburi köçkün İlqar Əliyev həlak olublar. Fövqəladə hallar nazirinin müavini Etibar Mirzəyev quyunun texniki cəhətdən düzgün qazılmaması nəticəsində uçduğunu bildirmişdi.