ETSN klinikada yoxlama aparıb
Orada saxlanılan vəhşi heyvanların mütəmadi olaraq
müayinə edilmədiyi aşkarlanıb
2006-cı ildə ilk dəfə olaraq Cənubi Qafqazda yaradılmış və Altıağac Milli Parkının nəzdində fəaliyyət göstərən Vəhşi Təbiətin Bərpası Mərkəzi və Reabilitasiya Klinikasında heyvanların saxlanılma və qidalanma şəraitində olan çatışmazlıqlar barədə yayılmış bəzi şikayətlər əsasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) aidiyyəti qurumları tərəfindən araşdırma aparılıb.
Nazirliyin mətbuat xidmətindən "Həftə içi"nə verilən məlumata görə, aparılan yoxlama zamanı klinikada əmək intizamı və iş fəaliyyəti yerində araşdırılıb və ciddi pozuntular müəyyən edilməyib. Qeyd edək ki, bu klinika 2006 - 2007-ci illərdə dövlət əsaslı vəsait qoyuluşu çərçivəsində ən müasir tibbi avadanlıqlarla təchiz edilib və kadrlarla komplektləşdirilib. 2008-ci ildə klinikaya 4 baş dovşan, 3 baş canavar, 2 baş cüyür, hər biri 1 baş olmaqla çaqqal, tülkü, maral, ceyran, ayı, hər biri 1 ədəd olmaqla şahin, Aralıq dənizi qartalı, qırqovul, leşyeyən, qartal, ağbaş kərkəs, qu quşu, hər biri 2 ədəd olmaqla bildirçin və tüklüayaq sar gətirilib.
Ötən ilin müxtəlif dövrlərində ictimaiyyətin və KİV nümayəndələrinin iştirakı ilə bu heyvan növlərindən tülkü, maral, canavar, çaqqal, ceyran, şahin, Aralıq dənizi qartalı, qırqovul, qartal, ağbaş kərkəs, qu quşu, bildirçin və tüklüayaq sar reabilitasiya olunaraq vəhşi təbiətə buraxılıb. 2009-cu ildə isə klinikaya yenidən 2 baş cüyür, 2 baş canavar, 4 baş dovşan, 1 baş ayı və 1 ədəd leşyeyən gətirilib və hazırda orada saxlanılır. Yoxlama zamanı klinikada saxlanılan adıçəkilən heyvanların yemləndirilməsi üçün müəssisədə kifayət qədər yem tədarükünün olduğu və normal qidalanmanın təmin edildiyi aşkarlanıb. Bununla yanaşı, yoxlama zamanı saxlanılan vəhşi heyvanların mütəmadi olaraq müayinəsinin həyata keçirilməsi, növlərin qapalı və yarımqapalı şəraitdə artırılması, habelə təbiətə buraxılması ilə əlaqədar işlərin lazımi səviyyədə təşkil olunmadığı müəyyənləşdirilib.
Göstərilənlərlə əlaqədar Vəhşi Təbiətin Bərpası Mərkəzi və Reabilitasiya Klinikasının rəhbərliyinə işində yol verdiyi nöqsanlara görə intizam tənbehi cəzası tətbiq olunub, fəaliyyətində dönüş yaradılması barədə ciddi tapşırıq verilib.
Naibə