Yanacaqdoldurma məntəqəsinə
silahlı basqın
Tovuzda yerləşən yanacaqdoldurma məntəqəsinə silahlı basqın edilməsi ilə bağlı informasiya agentlikləri xəbərlər yayıb. Məlumata görə, hadisə dünən gecə rayonun M.Musayev küçəsində yerləşən "Qara-petrol" yanacaqdoldurma məntəqəsinda baş verib. Belə ki, rayon sakini Səməd Abbasəli oğlu Səfiyev adıçəkilən yanacaqdoldurma məntəqəsinə gələrək orada operator işləyən - 1982-ci il təvəllüdlü Seymur Səmirxan oğlu Aslanovla mübahisə edib. Daha sonra isə özü ilə gətirdiyi ov tüfəngi ilə S.Aslanova atəş açıb. Xoşbəxtlikdən güllə S.Aslanova dəyməyib. Dərhal hadisə yerinə Tovuz rayon Polis İdarəsinin əməkdaşları gələrək S.Səfiyevi həbs ediblər. İlkin araşdırma zamanı hadisənin namus üstündə baş verdiyi müəyyənləşib. Hadisə ilə bağlı Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin rəhbəri Ehsan Zahidovla əlaqə saxladıq. O, "Həftə içi"nə xəbəri təsdiqləsə də, hadisənin namus üstündə deyil, qorxutmaq məqsədilə baş verdiyini söylədi: "Hadisə iyulun 26-dan 27-nə keçən gecə saat 03:00 radələrində baş verib. Səməd Səfiyev qohumu Seymur Aslanovu qorxutmaq məqsədilə özü ilə gətirdiyi ov tüfəngindən yerə atəş açıb. Atəş səsini eşidən Tovuz rayon Polis İdarəsinin əməkdaşları dərhal hadisə yerinə gəliblər. İdarənin əməkdaşları S.Səfiyevi saxlayaraq onun atəş açdığı of tüfəngini müsadirə ediblər. Hazırda faktla bağlı araşdırma aparılır".
Səma