
Bakı şəhər Baş Polis İdarəsində (BŞBPİ) cari ilin 6 ayının yekunlarına həsr olunan müşavirə keçirildi. BŞBPİ-dən "Həftə içi"nə verilən məlumata görə, idarənin rəisi Rafiq Abbasov ölkənin inkişafında, ictimai asayişin pozulmasında, cinayətkarlığa qarşı mübarizənin səmərəli təşkilində, əhalinin təhlükəsizliyinin təmin olunmasında DİN və onun ayrı-ayrı strukturlarının rolundan danışdı. Adıçəkilən idarənin rəis müavini Elxan Həsənov hesabat dövründə cinayətkarlığa qarşı mübarizə, ictimai qaydanın və təhlükəsizliyin təmini, əməliyyat-xidmət fəaliyyətinin digər sahələrində həyata keçirilən tədbirlər və qarşıda duran vəzifələr barədə məlumat verdi. Belə ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə bu ilin 6 ayı ərzində Bakıda qəsdən adamöldürməyə cəhdlər 43-dən 36-ya (16,5 faiz), quldurluqlar 74-dən 63-ə (14,9 faiz), adam oğurluqları 8-dən 6-ya (25 faiz), hədə-qorxu ilə tələb etmə 14-dən 7-yə (50 faiz), dələduzluqlar 462-dən 437-yə (5,4 faiz) düşüb. Tamamlanmış cinayət işləri üzrə bütövlükdə cinayətlərin 79,2 faizi, o cümlədən ağır növlərinin 77,5, qəsdən adam öldürmələrin 78, quldurluqların 83,5, soyğunçuluqların 68,5, şəxsi əmlak oğurluqlarının 42,4, dələduzluqların 91 faizi açılıb, 34 soyğunçuluq və quldurluq cinayəti törətmiş 49 nəfərdən ibarət 13 qrup, eləcə də 31 mənzil oğurluğu edən 21 nəfərdən ibarət qrup ifşa edilib. Əllərdə qanunsuz saxlanılan 117 odlu silah, o cümlədən 9 avtomat, 33 tapança, 75 tüfəng və xeyli sayda hərbi sursat götürülüb. Bu ilin 6 ayı ərzində 137 kiloqram (ötən ilin müvafiq dövründə 110 kiloqram olub) çəkidə narkotik vasitə dövriyyədən çıxarılıb. 2008-ci ilin 6 ayı ilə müqayisədə aşkar olunan cinayətlərin sayı 26 fakt, satışla bağlı isə 52 fakt artıb. Rəis müavini onu da dedi ki, keçirilən profilaktik tədbirlər nəticəsində paytaxtda yol hərəkəti təhlükəsizliyinin təmini sahəsində də müsbət irəliləyişlər əldə olunub. O, yol-nəqliyyat hadisələrinin azaldığını buna misal çəkdi. Hesabat dövründə paytaxtda ictimai asayişin mühafizəsi də ciddi nəzarətdə saxlanılıb, şəhər miqyaslı 122 tədbir zamanı ictimai hüquq qaydaları təmin edilib, ayrı-ayrı şəxslər tərəfindən qanunsuz aksiyaların keçirilməsinə yönəlmiş 6 cəhdin qarşısı alınıb, yüksəksəviyyəli xarici qonaqlar Bakıya səfərə gələrkən ictimai təhlükəsizlik tədbirləri ilə bağlı 35 xüsusi plan hazırlanaraq həyata keçirilib.