
Azərbaycanda plastik cərrahiyyəyə meylin günü-gündən artdığını nəzərə alaraq ölkəmizdə bu sahədə lazımınca tanınmış iki mütəxəssislə görüşüb söhbət etdik. "Həftə içi" qəzeti müxbirinin birinci müsahibi Qələndər Plastik və Rekonstruktiv Klinikasının həkim-cərrahı Vaqif Qələndərlidir.
- Doktor, indi dünyada plastik cərrahiyyə üzrə üzköçürmə əməliyyatı çox populyardır. Mütəxəssis olaraq sizin tərəfinizdən bu əməliyyatın həyata keçirilməsi mümkündürmü?
- Mən anadangəlmə iki göz qapağı olmayan körpə uşağın bu qüsurunu əməliyyat vasitəsilə aradan götürmüşəm.Əslində, bu sahənin mütəxəssisi olaraq mənim üçün bu, çətin bir iş deyil, texniki baxımdan 4 - 5 saat vaxt tələb edən mümkün bir əməliyyatdır. Üz toxuması ilə rekonstruksiya etmək çətindir. Köçürülən üzün, yad bir material kimi orqanizmdə qalması üçün həmin şəxs həyatı boyu immunostimuliatr preparatlar qəbul etməlidir. Həmin preparatlar isə daxili orqan olan qaraciyəri məhv edir. Bu halda belə çıxır ki, biz o şəxsin üzünü normal şəklə gətirmək üçün onun ömrünü qısaldırıq. Eyni zamanda bu əməliyyatın fəsadları çox olur, orqanizm əksər hallarda bu yad materialı qəbul etmir. Əgər mənə bu problemlə müraciət edən pasiyent olsa, mən onu mütəxəssis olaraq bacararam, ancaq insan kimi etmərəm. Canlı insanın öz orqanizmində toxumalar vasitəsilə bu imkanlar varkən, nəyə görə ölmüş bir insanın üzünün bir hissəsini bu şəxsə köçürəsən. Təcrübəmdən bir misal deyim: Azərbaycan bölgələrindən birində həyətə çıxan 4 yaşlı qız uşağının üzünü (yəni alt dodağını, burnunu, yanaqlarını) it qoparıb kənara atmışdı.
3əvvəli 1-ci səhifədə
Bu uşağın valideynləri respublikamızda və qonşu ölkələrdə olan bütün plastik əməliyyat mütəxəssislərinə müraciət etsələr də, onların hamısı uğurlu əməliyyata söz vermədən "yox" demişdi. Mən bu uşağı ikimərhələli əməliyyat etdim və çox uğurlu nəticə aldım. Uşağın üst dodağına alt dodağından toxuma köçürmək vasitəsilə onu normal formaya gətirdim. İkinci mərhələdə isə alnından toxuma köçürmək vasitəsilə burnunu, sonra isə üzünü formalaşdırdım. Demək olar ki, o uşağı yenidən həyata qaytardım. Qoy vətəndaşlarımız elə düşünməsin ki, dünyada plastik cərrahiyyəni bizdən uğurlu həyata keçirən mütəxəssislər var. Xaricdə mümkün olmayan plastik əməliyyatları biz Azərbaycanda uğurla həyata keçirmişik.
- "Lap uşaqlıqdan arzum ağdərili olmaqdır" deyərək o bu əməliyyata 500 min dollar xəcləyib. Maykl Ceksonun ölümünə bu kimi ağır plastik cərrahiyyə əməliyyatları təsir etdimi?
- Onun üzünə köçürülən dəri toxuması başqa dəri toxuması idi. Əvvəldə dediyim kimi, bu yad materialı Ceksonun orqanizminin saxlaması üçün qəbul etdiyi immunostimuliatr dərmanlar onun həyatına son qoya bilərdi. Hamımız bilirik ki, Maykl Cekson maddi cəhətdən varlı bir insan idi. O nə qədər çox pul təklif etməyindən asılı olmayaraq gərək bu əməliyyat həyata keçirilməzdi. Bu əməliyyatları həyata keçirərkən pasiyentin sənə verdiyi maddi vəsaiti yox, insanın özünü dəyərləndirmək lazımdır. Çox təəssüf, bütün dünyada belədir ki, pul çox təklif olunduqda mütəxəssislər o insanın sonrakı taleyi haqda düşünmürlər. Bu cür əməliyyatlar sensasiya yaratmaq xarakteri daşıyır, çünki onun sonrakı fəsadları çox acınacaqlı olur. Bu yaxınlarda Fransada bir qadının üzünə ölmüş insanın dərisini köçürmüşdülər, həmin dəri bir müddətdən sonra çürüməyə başladı. Və onu yenidən əməliyyat edərək kürək nahiyəsindən üzünə toxuma köçürtməklə həyatını xilas etmək mümkün oldu.
- Sizə müraciət edən pasiyentlərin maddi vəziyyətini nəzərə alırsınız, yoxsa konkret qiymətlər var?
- Əgər pasiyent estetik əməliyyat etdirmək fikri ilə müraciət edirsə yox, ancaq anadangəlmə qüsuru olan və ya hansısa hadisə nəticəsində problem yaranıbsa, mən heç vaxt onu ümidsiz qaytarmaram. Bu mənim mənəviyyatıma ziddir.
- Əməliyyatların qiymətləri haqda məlumat verə bilərsiniz?
- Əməliyyatların qiymətləri hamısı bir-birindən fərqlidir, ancaq biz pasiyentlərin də maddi vəziyyətini nəzərə alırıq. Hətta elə əməliyyatlar olur ki, o şəxsə öz maddi vəsaitimiz hesabına yardım edirik.
İkinci müsahibimiz "Funda" Tibb Mərkəzinin (FTM) estetik cərrahiyyə şöbəsinin mütəxəssisi doktor Camal Əzimzadədir.
- Doktor, mərkəzinizdə hansı plastik əməliyyatlar həyata keçirilir?
- Dünyada aparılan bütün plastik cərrahiyyə əməliyyatları həyata keçirilir. Yalnız üzköçürmə əməliyyatından başqa. Ümumiyyətlə, estetik cərrahiyyənin inkişaf etdiyi dünya ölkələrindən yalnız üçü bu əməliyyatı həyata keçirib. Və üzköçürmə əməliyyatının sonrakı fəsadları hələ tibb aləminə məlum deyil, ona görə bu əməliyyatlar hələ yetkinlik şəklində aparılır.
- Əməliyyatın qiyməti onun keyfiyyətinə təsir göstərirmi?
- Müraciət edən pasiyentlərin bu əməliyyatları həyata keçirmək üçün tələb olunan qədər maddi vəsaiti olmadıqda biz məcbur olub minimal maddi vəsait tələb edən cərrahiyyə əməliyyatlarını həyata keçiririk. Hər halda, bu bizim işimizə mənfi təsir göstərir.
- Hazırda FTM-də üzdə və bədəndə aparılan cərrahiyyə əməliyyatlarının qiymətləri barədə açıqlama verə bilərsinizmi?
- Əlbəttə. Bunlardan rinoplastika (burun cərrahiyyəsi) 550 - 700 manat arası, qulaqda cərrahiyyə aparılması 400 - 450 manat məbləğində vəsait tələb edir. Mərkəzdə dodağa gelköçürmə proseduru aparılır. Qiymət isə gelin keyfiyyətindən asılıdır. Dodağa köçürülən gelin orta qiyməti 150 manat təşkil edir. Eyni zamanda burada liposaksiya (piyçəkmə) prosedurunu da reallaşdırırıq. Mərkəzə bu problemlə müraciət edən pasiyentlərdə əvvəl müayinə aparılır. Piyin çəkisi 6 litrdən artıq olarsa, o halda müraciət edən şəxsə cərrahiyyə əməliyyatı ilə bu problemdən azad olmasının mümkünlüyü bildirilir. Pasiyent razı olmadığı halda biz bu proseduru həyata keçirməkdən imtina edirik. Liposaksiyanın qiymətinə gəldikdə isə bu prosedur 900 - 1000 manat təşkil edir. Ancaq qiymət götürəcəyimiz piyin çəkisinə uyğun olaraq müəyyənləşir. Və qeyd edim ki, 250 manata da liposaksiya var.
- Bu əməliyyatları pasiyentin "gözəl olmaq" arzusunu nəzərə alaraq həyata keçirirsiniz, yoxsa buna ehtiyac duyduqda?
- Bəzən bu cür hallara yol veririk, əvvəl biz belə pasiyentlərə onun üzündə və bədənində plastik cərrahiyyə əməliyyatına ehtiyac olmadığını deyirik. Ancaq o şəxs fikrində israrlı olduqda və təkrar bizə müraciət etdikdə biz onun "arzusuyla" razılaşırıq. Bəzən elə hallar olur ki, xırda olsa belə, qüsura malik olmayan şəxs üzündə və ya bədənində hansısa dəyişiklik etmək fikrinə düşür. O halda biz bu əməliyyatdan imtina edirik və onun psixoloq mütəxəssisə müraciət etməsini məsləhət görürük.
Mütəxəssis rəylərini eşitdikdən sonra əməliyyat olunmuş və olunacaq bir neçə pasiyentlə söhbət etdik. Vaqif Qələndərli tərəfindən bir dəfə əməliyyat olunmuş Könül Cəfərova ikinci dəfə yenidən rinoplastika (burun cərrahiyyəsi) etdirmək fikrində olduğunu dedi. Bu dəfə o, burnunun uc hissəsindən narazı qaldığını və bu kompleksdən qurtulmaq istədiyini bildirdi. Onun birinci əməliyyatdan sonra özünü necə hiss etdiyini soruşduqda heç bir problemlə üzləşmədiyini dedi.
Bundan sonra 4 il bundan əvvəl Vaqif Qələndərli tərəfindən əməliyyat olunmuş Aygün Əlişova ilə söhbət etdik. O, rinoplastika (burun cərrahiyyəsi) etdirdiyini dedi. Burnunun sonrakı görünüşündən çox razı qaldığını, ancaq bir müddətdən sonra nəfəs yollarında problemlə üzləşdiyini, yaxşı nəfəs ala bilmədiyini soylədi.