
"Mediaforum"un "Azərbaycan" qəzetinin baş redaktoru, millət vəkili Bəxtiyar Sadıqovla müsahibəsi.
- İyulun 22-də Azərbaycan Yurnalistikası gününü qeyd etdik. Bu tarixlə bağlı ürəyinizdən nə keçdi, nə düşündünüz? Sözsüz ki, maddi-texniki təchizatdan da əvvəl mətbuata azadlıq lazımdır. Bu baxımdan ölkə mətbuatının durumunu necə qiymətləndirirsiniz?
- 40 ildir mətbuatdayam. Sovet dövründə cəmiyyətin ən qiymətli üzvü yurnalist idi. Fəxr edirdik ki, yurnalistik. 5 il tələbəlik dövründə rayonumuza gedəndə yerə-göyə sığmırdım. Hamı deyirdi ki, filankəs gör harada oxuyur! Bu gün isə o yurnalist adını hörmətdən, izzətdən, urvatdan elə salıblar, bəzən özünü təqdim etməyə utanırsan. Yurnalistlər mənəviyyatla yaşayan adamlardır, onun üçün maddi həyat həmişə arxa planda qalıb, ədalət, həqiqət qiymətli olub.
Bu gün yurnalistikaya o qədər çirkli niyyətli adamlar gəliblər ki, peşəkarlıq aşağı düşüb. O qədər problem var ki, adam bilmir hansını önə çəksin. Bu 40 ildə mənim ürəyimdə demədiyim söz qalmayıb! Hamısını demişəm! Amma elə demişəm ki, o söz qayıdıb xirtdəyimdən yapışmayıb. Baş redaktoru olduğum dövrdə "Azərbaycan" qəzetini 8 dəfə məhkəməyə veriblər. Hamısında biz udmuşuq, haqlı çıxmışıq!
- Bəlkə sizin məhkəməni udmağınızda başqa amil rol oynayır? "Azərbaycan" qəzetinin rəsmi dövlət orqanı olması. Həmçinin belə qəbul olunub ki, Azərbaycanda məhkəmə sistemi müstəqil deyil...
- Mən ümumi izah elədim. Heç vaxt tərifə görə kimsə kimisə məhkəməyə verməyib. Hər dəfə tənqidi yazı hazırlayanda onu sanki məhkəmə üçün hazırlayıram. Yurnalist ən əvvəl həqiqəti yazmalıdır və öz ləyaqətini qoruduğu kimi, qarşısındakının da ləyaqətini, hörmətini saxlamalıdır. Seçkilər vaxtı mənim barəmdə çıxan 50-yə qədər məqaləni yığıb saxlamışam. Bilirəm ki, onları kim sifariş verib, kim yazıb. O yerdə ki qərəzlisən, yalansan, onun üstü gec-tez açılır! Mətbuat haqqı və ədaləti sevir!
- Təcrübə göstərir ki, aşağıdan təkamül yolu mümkün deyil. Azərbaycan cəmiyyəti də elə bir həddə gəlib çıxıb ki, yuxarıdan islahatlar lazımdır. Necə hesab edirsiniz, söz və mətbuat azadlığının təmin olunmasında dövlətin iradəsinə ehtiyac varmı?
- Açıq danışaq. Yerindən qalxan qəzet açır, bəzən ali təhsili olmayan adam yurnalist kimi ortaya çıxır. O əvvəlcə özünü qələm adamı kimi təsdiq etmək əvəzinə başlayır dövlət başçısından, hansısa nazirdən yazmağa. Yəqin siz də təsdiq edərsiniz ki, müstəqillik dövründə haqqında ən çox yazılan, tənqid olunan, yalan, böhtan deyilən dövlət başçılarıdır. Ulu öndər Heydər Əliyev, sonra İlham Əliyev. Onun özünün dediyi fikirdir ki, məni də tənqid edirlər, qoy etsinlər, səbirli olmaq lazımdır. Bu, prezidentin nümunəsidir. Sonuncu hadisəni xatırlatmaq istəyirəm. "Təzadlar" qəzetinin baş redaktoru barədə məhkəmə hökmü çıxandan sonra bu xəbər prezidentə çatdı, dərhal öz münasibətini bildirdi. Bu problemin qanuni həll yolu apellyasiya idi və bu mərhələdə baş redaktor azad olundu. Prezidentimiz dedi ki, "Azərbaycanda bundan sonra dediyi sözə görə yurnalist həbsə atılmamalıdır". Prezident səbirlidir, dözümlüdür, məmurlara da bunu tövsiyə edir. Qəzetlərin mətbəələrə borcları bağışlanıb, güzəştli kreditlər verilib, birdəfəlik yardımlar olunub. İndi isə KİV-in inkişafına dövlət dəstəyi konsepsiyasi qəbul olunub. Dövlət bu konsepsiyanı reallaşdırmaq üçün fond yaradıb. Bundan artıq iqtidar nə etməlidir? Qeydiyyat asanlaşıb, qanunçuluq bazası yerində, təhqir edirsən, dözürlər, üstəlik, dövlət maliyyə baxımından da yardımlarını əsirgəmir. Dövlət bundan artıq daha nə eləməlidir? Bəs mətbuat əvəzində nə edir? Dövlət söz və mətbuat azadlığının qarantı olduğu kimi, ölkə vətəndaşlarının da şərəf və ləyaqətlərinin qoruyucusu olmalıdır. Mən əli qələmsiz Azərbaycan vətəndaşının əli qələmli yurnalistin qarşısında aciz qalmasını qəbul edə bilmirəm!
- Beynəlxalq təşkilatların hesabatlarına görə, Azərbaycanda 3 yurnalist həbsdədir. Düz 40 ildir yurna-listikadasınız, deputatsınız. Həbsdə olan yurnalistləri tanıyırsınız. Həmkar kimi bayram günlərində, yaxud hansısa bir gündə onların ailələrinə baş çəkib problemləri ilə maraqlanmısınızmı?
- Elə sual verdiniz ki, cavab verməyə çətinlik çəkirəm. Əgər deputatlıqdan sual verirsinizsə, onların heç biri mənim seçicim deyil. Söhbət yurnalistlikdən gedirsə, mənim onunla hər hansı sıcaq münasibətim olmayıb. Hərəmiz də bir əqidəyə xidmət edirik. Onun qapısı hara açılır, evi hardadır, heç bilmirəm.
- Burada söhbət sizin yurnalist həmkarınızdan gedir...
- Həmkar deyəndə bir cür çıxır axı... Azərbaycanda 3500-dən çox qəzet, yurnal qeydiyyatdan keçib. Deyilənə görə, cibində yurnalist vəsiqəsi gəzdirən 60 minə qədər adam var. İndi onların hər birinin başına iş gələndə hər birinə baş çəkməliyəm? Mənim üçün Qənimət Zahid Azərbaycanda fəaliyyət göstərən yurnalistlərdən biridir. Onunla heç bir şəxsi münasibətim, ailəvi yaxınlığımız olmayıb. Bəlkə soruşmaq istəyirsunuz ki, yurnalist həbsxanadadır, niyə onun azadlığı üçün çalışmırsınız? Bu suala cavab verim ki, İdarə Heyətinin üzvü olduğum Mətbuat Şurasının sədri Əflatun Amaşov bu barədə dəfələrlə dövlət qurumlarına, iqtidara müraciət edib. Gedib həbsxanada Qənimət Zahidlə görüşüb. Onun qardaşı Sakit Zahidov həbsxanada olarkən onunla görüşüb. O da çıxandan sonra Əflatun Amaşov haqqında dedi ki, onun heç bir xidməti olmayıb, o, iqtidara işləyən adamdır.
- Necə hesab edirsiniz, yurnalistlərin azadlığa buraxılmasının zamanı deyilmi?
- Tam səmimiyyətimlə deyirəm, heç vaxt arzulamamışam ki, kimsə həbsxanaya düşsün. Xüsusən də gözlərim önünə gələndə ki bir qadın, ana həbsxana qapıları arxasında qalacaq, istəmərəm, mənim üçün çox ağırdır. Amma hər şey məndən, mənim iradəmdən də asılı deyil. İnsan öz əməlləri haqqında düşünməlidir. Həbsxanada olan yurnalistlərə münasibətim aydındır. İki nəfər dalaşıb. Qənimətlə Vüsal. Bu onu vurub, o bunu vurub, o da şikayət edib, bu da! O da ekspertizadan keçib, bu da. Heç biri də şikayətini geri götürməyib. Ortada da dalaşma və bunu təsdiq edən dəlil-sübutlar var. Əgər Qənimət Zahid yurnalist olduğuna görə buraxılsa, Vüsal deyəcək ki, insan haqları pozulur - necə olur, onu buraxırlar, məni həbs edirlər? Burada məhkəmə, hüquq mühafizə orqanları nə eləsin?
- Baş redaktoru olduğunuz "Azərbaycan" qəzetində ölkədəki problemlərdən çox az yazılır...
- Sizdə qəzetimizin bugünkü (23 iyul - red.) nömrəsi varmı? Xahiş edirəm onu gətirsinlər. Elə həmin nömrədə iki səhifə tənqid vermişik axı... "Azərbaycan" qəzeti mənim gözümdə dünyanın ən gözəl, ən göyçək, ən yaxşı qəzetidir. Onu sevirəm, ömrümü ona həsr etmişəm. Bütün biliyimi, bacarığımı, qüvvəmi qoyuram. O qəzetdə tək mənim deyil, bütün kollektivin əməyi var. Yəni tənbəllik edim, yalandan görkəm verim, can yandırım, filan edim, belə söhbət yoxdur. Belə məsələlər mənim xarakterimə yaddır. "Azərbaycan" qəzetinin tənqidinə gəldikdə, bizdə kifayət qədər müxalifət qəzetləri var. Bu müxalifət qəzetləri hər gün birinci səhifədən başlayıb sonuncu səhifəyə qədər tənqid verir. Bunu qəbul edə bilmirəm. Bizdə "Gündəlik Azərbaycan", "Realnı Azerbaydyan" adlı qəzetlər çıxırdı. Həmin qəzetlərin nömrələrində bir dəfə də olsun müsbət yazı yox idi, əvvəldən axıra qədər tənqidiydi, təhqir idi! Bu, qəzetdir? Qəzetçilikdir? Ölkədə quruculuq gedir axı, bunu kim göstərməlidir? Yaxşı nümunə var, onu kim təbliğ etməlidir? İnsanları qarşıdakı vəzifənin həllinə kim səfərbər etməlidir? Biz rəsmi dövlət qəzetiyik. Prezidentimiz bu boyda işlər görür, addımlar atır, əməkhaqqı yüksəlir, iqtisadi yüksəliş var, xalqın sosial müdafiəsi yaxşılaşır.