
Bu həftə Avropa kuboklarında klublarımızı növbəti sınaq gözləyir. Çempionlar Liqasında "Bakı", Avropa Liqasında isə "Qarabağ" ilk oyunlarını keçirəcəklər.
Təcrübəli mütəxəssis Vaqif Sadıqov LİVESPORT.AZ saytına verdiyi müsahibədə qitəmiqyaslı turnirlərdə təmsilçilərimizin uğurlarına və qarşıdakı oyunlarına münasibət bildirdi.
- "Bakı" və "Qarabağ" Avropa kuboklarında mərhələ adladı. Klublarımızdan bu nəticələri gözləyidinizmi?
- Püşkatmadan sonra çoxları "Bakı"nın bəxtinin gətirdiyini, "Qarabağ"ın isə çətin rəqiblə düşdüyünü söyləyirdi. Amma nəticələr bizim üçün sevindirici oldu. Hər iki klub işinə peşəkarcasına yanaşaraq, ölkəmizin nüfuzu yüksəltdi. Komandaların göstərdiyi oyunu nəzərə alsaq, uğurun davamı gəlməlidir.
- Çempionumuz 3-cü mərhələdə "Levski" ilə qarşılaşacaq. "Bakı"nın şanslarını necə qiymətləndirərdiniz?
- "Bakı" ötən mərhələdə ilk matçını səfərdə keçirmişdi. Bu dəfə isə əvvəlcə doğma publika önündə oynayacaq. Düşünürəm ki, komandanın baş məşqçisi Cokiça Hacıyevski planlarını məhz bu amil üzərində quracaq. Bütün suallara iki oyunun nəticəsindən sonra aydınlıq gələcəyini nəzərə alsaq, ilk növbədə paytaxtımızda uğurlu nəticə qazanmalıyıq. Etiraf etməliyik ki, rəqib komanda çox güclüdür. "Levski" böyük ənənələri olan klubdur. Bununla belə, tərəflərin şansları bərabərdir. "Bakı" "Ekranas"la görüşdə nəyə qadir olduğunu sübuta yetirib. Mərhələ adlasaq, bu, sürpriz kimi qəbul olunmamalıdır.
- Sabah komandamızın heyətində "Ekranas"la görüşün qəhrəmanlarından Xalidu Sissoko və Bəxtiyar Soltanov oynamayacaqlar. Bu amil "Bakı"nın oyununa təsir edə bilərmi?
- Sissoko "Bakı"nın kapitanı və lideridir. O, "Ekranas"la görüşlərdə çılğınlığı sayəsində sarı vərəqələr aldı. Gənc Bəxtiyar Soltanov isə bu oyunlarda yeni tapıntı oldu. Bununla belə, adıçəkilən futbolçuların meydana çıxmaması "zolaqlılar"a təsir edə biməz. Çünki komandanın heyətində rəqabət böyükdür. Hər mövqedə meydana çıxmağa layiq oyunçular var. "Bakı"nın əsas üstünlüklərindən biri məhz budur.
- Vaqif müəllim, "Bakı"nın legionerləri çıxışı barədə çox danışılır. Uğurda onların payı çoxdurmu?
- Klub rəhbərliyin işinə peşəkarcasına yanaşdığını qeyd etməliyik. Həqiqətən "Bakı" yüksək səviyyəli transferlər həyata keçirib. Bütün mövqələrdə çıxış edən futbolçularını hazırlığı əla səviyyədədir. Əvvəlki müsahibələrimdə qeyd etmişdim ki, "Bakı" oyundan-oyuna daha yaxşı çıxış edəcək. Düşünürəm ki, sabah biz çempionumuzun heyətində daha gözəl və məzmunlu oyun izləyəcəyik. Vurğuladığım amildə komandanın baş məşqçisi Cokiça Hacıyevskinin əməyi böyükdür.
- "Qarabağ" haqqında danışaq. "Rusenborq"u müarizədən kənarlaşdıran komandamız "Honka" səddini də aşmaq gücündədir.
- "Qarabağ" şanlı tarix yazaraq, bir çox şeyi sübuta yetirdi. Güclü "Rusenborq"la görüşlərdə Ağdam klubunun göstərdiyi nəticə alqışalayiqdir. Hələ Norveçdəki oyundan sonra futbolçularımızın əzmkarlığını və göstərdiyi oyunu vurğulamışdım. Sevindirici hal odur ki, "Qarabağ" təsadüf nəticəsində deyil, diqqətli və gözəl oyunla məqsədinə nail oldu. Komandanın heyətində gənc və perspektivli futbolçular çıxış edirlər. Yığmamızın əksər üzvlərinin məhz "Qarabağ"ın şərəfini qoruduğunu nəzərə alsaq, Avropa kuboklarındakı oyunlar onların təcrübə toplaması baxımından böyük əhəmiyyət kəsb edir. "Honka" "Rusenborq"dan zəif rəqibdir. Komanda Finlandiya çempionatında 4-5-ci pillələrdə qərarlaşıb. Məndə olan məlumata görə, klubun heyətində yığmanın şərəfini qoruyan bir futbolçu var. Bunlara baxmayaraq, futbolçularımız əvvəlki mərhələdəki kimi ciddi və soyuqqanlı olmalıdırlar.
- Sizcə, hansı komandamızın mərhələ adlamaq şansı daha yüksəkdir?
- Proqnoz vermək çox çətindir. Məncə, hər iki klubumuz gördükləri işlərin faydasını əldə edəcəklər. Həm "Bakı", həm də "Qarabağ" daha uğurlu nəticələr əldə etməyə layiqdirlər.