"Həftə içi" qəzeti "İnsan hüquq və azadlıqlarının müdafiəsi üzrə milli fəaliyyət planı"nın icrasında KİV-in rolunun artırılması" adlı layihə çərçivəsində bölgələrdə prezidentin 28 dekabr 2006-cı il 1880 nömrəli sərəncamı ilə təsdiqlənmiş MFP-nin icrası vəziyyətini araşdırmaqda davam edir. Bu məqsədlə ölkənin bölgələrinə edilən səfərlər sırasında növbəti dayanacağımız bu günlərdə 2503 illiyini qeyd edən qədim Gəncə şəhəri oldu. Özünün füsunkar təbiəti ilə seçilən Gəncənin əhalisinin qonaqpərvərliyinə baxmayaraq, ölkənin ikinci şəhərində insan haqlarının müdafiəsi, bu istiqamətdə maarifləndirmə işinin aparılması yöyönüündə müəyyən çatışmazlıqların olduğuna dair mətbuatda mütəmadi məlumatlar dərc olunur. Onları yerində araşdırmaq üçün Gəncə şəhərinə yollandıq.
Qəbula düşmək hər adamın işi deyil Gəncəyə çatanda ilk olaraq şəhər icra hakimiyyətinə gedərək şəhərin icra başçısı Eldar Əzizovun adına olan məktubu və ezamiyyə vərəqəmizi təqdim etdik. İctimai-siyasi şöbənin rəhbəri Ruslan Qardaşov məktubu almaqla yanaşı, eyni zamanda rəsmi ezamiyyə vərəqəsinə möhür vuraraq bu işdə ilk köməkliyini göstərdi. R.Qardaşovdan şəhər icra hakimiyyətinin başçısı, yaxud da müvafiq müavinləri tərəfindən suallarımızı cavablandırmalarını istədikdə isə bildirdi ki, biz özümüz ümumi şöbə vasitəsilə bu işə nail ola bilərik. Beləcə nə ümumi şöbə, nə də E.Əzimovun köməkçisi Elgin Həbibullayev bizi icra başçısı və onun müavinləri ilə görüşdürə bilmədi. Müxtəlif bəhanələr gətirərək bunu "mümkünsüz" hesab etdilər. Onu da qeyd edim ki, Həbibullayevlə görüşümüzdə ŞİH-də vətəndaşların qəbulu ilə bağlı keçirilən qəbul saatlarında da işitrak etmək istədiyimizi bildirdik. Təəssüflər olsun ki, buna da nail ola bilmədik.
Analoji vəziyyətlə Gəncə şəhər Polis İdarəsində də üzləşdik. Gəncə Polis İdarəsinin rəisi Rasim Musayevlə telefon əlaqəsi saxlayaraq gəlişimizin məqsədini bildirdik və bu işdə bizə kömək etməsini xahiş etdik. R.Musayev bizimlə görüş zamanı bildirdi ki, Daxili İşlər Nazirliyində keçirilən kollegiya iclasında nazir Ramil Usubovun göstərişi var və yerli polis idarələrinin rəisləri bu və ya digər məsələlərlə bağlı mətbuata açıqlama verə bilməzlər. Polis idarəsində keçirilən qəbullarla və müvəqqəti saxlama yerləri ilə tanış olmaq istədiyimizi bildirdikdə isə idarənin Yaşar adlı əməkdaşı bildirdi ki, Gəncə ŞPİ-nin yerləşdiyi yeni binada müvəqqəti saxlama yerləri yoxdur. Müvəqqəti saxlama yerləri şəhərdə ayrıca bir yerdə müəyyənləşib.
Növbəti ünvanımız şəhər prokurorluğu oldu. Prokurorluqda Gəncə şəhər prokuroru Adil Vəliyevin 5 illik fəaliyyəti ilə əlaqədar Respublika Prokurorluğunun əməkdaşları yoxlama keçirdiyindən bu qurumdan da insan haqları üzrə milli fəaliyyət planından irəli gələn məsələlərə aydınlıq gətirilməsinin mümkünsüz olduğu bildirildi. Kamil adlı prokuror köməkçisi növbətçi polis vasistəsilə bildirdi ki, bu məsələ ilə bağlı yalnız 10 gündən sonra açıqlama verilə bilər.
QHT-lərin qənaəti
Gəncə şəhərində əhalinin hüquqlarının qorunması, bu sahədə vətəndaşlar içərisində maarifləndirmə işlərinin aparılmasında yerli rəsmi orqanlarla yanaşı, eyni zamanda hüquq müdafiəsi və hüquqi maarifləndirmə işləri ilə məşğul olan QHT-lərin də üzərinə böyük yük düşür. Biz də bunu nəzərə alaraq Gəncədə uzun illərdir fəaliyyət göstərən "Tomiris" QHT-nin rəhbəri, eyni zamanda Gəncəbasar qəzetinin təsisçisi və baş redaktoru Nüşabə Əsəd Məmmədli ilə görüşdük. Nüşabə xanımdan insan hüquqlarının müdafiəsi istiqamətində ölkə prezidentinin imzaladığı MFP-dən irəli gələn məsələlərlə əlaqədar şəhər icra hakimiyyəti ilə əməkdaşlıqlarının vəziyyətini öyrəndikdə isə cavabı belə oldu: "2006-cı il dekabrın 28-də imzalanan MFP-nin yerlərdə icrası, insan hüquqları ilə bağlı əhalinin maarifləndirilməsi yönündə nə şəhər icra hakimiyyəti, nə polis, nə də prokurorluq orqanları ilə hər hansı əməkdaşlığımız var. Onların keçirdikləri tədbirlərin nədən ibarət olduğu haqqında da məlumatım yoxdur. Çünki bu yöndə təşkil edilən tədbirlərə çağırılmamışam". Əhali arasında onların hüquqlarını bilməsi yönündə işlərin nədən ibarət olduğunu gəldikdə isə cavabı belə oldu: "Əvvəllər bizim təşkilat Azərbaycan Qadın Hüququları Müdafiə Cəmiyyətinin "Tomris" bölməsi kimi fəaliyyət göstərirdi. Biz sonradan Ədliyyə Nazirliyində müstəqil QHT kimi qeydiyyatdan keçdikdən sonra Gəncədə insan hüquqlarının qornması yönündə fəaliyyətimizin istiqamətlərini müəyyənləşdirdik. Bu gün təşkilatımız İsveç səfirliyi ilə birlikdə "Ailələrə demokratiya" mövzusunda layihə həyata keçirir. Layihənin məqsədi ailələr vasitəsilə demokratiyanın nə olduğunu aşılamaqdır. Burada əsas işimiz hazırlanan bukletlərin paylanması və bir sıra ailələrin iştirakı ilə treninqlərin keçirilməsidir". "Tomris" QHT-nin rəhbəri onlara hüquqularının pozulması ilə bağlı müraciət edən vətəndaşlar haqqında da məlumat verdi. Qeyd etdi ki, Gəncə Diaqnostika Mərkəzinin həkimi Elmira İsmayılova onlara müraciət edib və mərkəz rəhbərliyi tərəfindən hüquqlarının pozulduğunu bildirib: "Biz işdən çıxarılan bu şəxsin hüquqlarını müdafiə etdik və Gəncə şəhər Səhiyyə İdarəsinin rəhbəri ilə apardığım danışıqlardan sonra həmin vətəndaş işinə qaytarıldı. İkinci belə bir şikayət ərizəsi hərbi hospitalda işləyən Bətulə Yusifqızından bizə daxil olmuşdu. O özü Ağdam qaçqınıdır və hospital rəhbərliyi tərəfindən işdən çıxarılırdı. Onun da hüquqlarını müdafiə etdik və B.Yusifqızı öz işinə bərpa olundu. Bizə hüququları pozulan vətəndaşlar müraciət edəndə çalışırıq onlara imkan daxilində kömək edək. Elə keçirdiyimiz treninq və seminarların da məqsədi ondan ibarətdir ki, bu yolla tədbirlərdə işitrak edən vətəndaşlara hüquqlarının nədən ibarət olduğunu, hüququları pozulduqda onları necə müdafiə edə bilmələrini öyrədə bilək".
"Gəncənin səsi" səs sala bilmir
Ömrünün 40 ilini "Gəncənin səsi" qəzetinə həsr etmiş 70 yaşlı qocaman jurnalist Sabir Hacıyevlə də görüşdük. Qəzetin Gəncəbasar bölgəsində, xüsusən də Gəncə əhlinin hüquqi maarifləndirmə işində, insan hüquqlarının müdafiəsi üzrə MFP-nin icrasına yönəlik görülən işlərin təbliğində oynadığı rolu barədə məlumat verməsini istədik. S.Hacıyev qəzetdə bu yöndə yazı və materialların çap olunduğunu desə də, onların konkret nə vaxt getdiyi barədə məlumat verə bilmədi. Onu da vurğulayaq ki, ŞİH-in yerləşdiyi binada istənilən qədər qəzet və jurnal redaksiyası, "AzərTAc"ın, "İTV"nin xüsusi müxbirləri ilə yanaşı, "Ədalət", "Xalq" qəzetlərinin də xüsusi müxbirləri üçün yer ayrılıb.
Nizami rayon Məhkəməsi narazıdır
Gəncə şəhər Nizami rayon Məhkəməsinin baş hakimi Əli Tağıyevlə də görüşmək istədik. Məhkəmənin baş məsləhətçisi Zaman İmanov məqsədimiz barədə Ə.Tağıyevə məlumat verdikdən sonra suallarımıza aydınlıq gətirdi: "Aparılan ümumiləşmələrin nəticəsi onu göstərir ki, hər il insanların öz hüquqlarını müdafiə etməsi üçün müraciət edənlərin sayı artıb. Yəni bu, ildən-ilə özünü büruzə verir. Əvvəlki illərdən fərqli olaraq 2009-cu ilin 10 ayı ərzində vətəndaşların məhkəməyə olan müraciətlərinə nəzər saldıqda mülki, cinayət və inzibati sahədə olan işlər çoxluq təşkil edir. Bu da insanların hüquq və azadlıqlarını bilməsi, hüquqi maarifləndirmənin nisbətən inkişafında böyük rol oynaması ilə əlaqədardır. Yəni vətəndaşlar öz hüququ və azadlıqlarının nədən ibarət olduğu haqqında məlumatlandırıldıqdan sonra konkret sahələrdə hüquqlarının pozulduğunu hiss etdikdə məhkəməyə müraciət edirlər və o hüququların qorunması üçün qanunların verdikləri haqlardan yararlanmaq istəyirlər. Ümumi mülki qaydada məhkəməyə müraciət edənlərin əksər hissəsi isə boşanma, aliment tələbi, maddi-mənəvi ziyanın ödənilməsi, mülkiyyət hüquqları, mənzil mübahisələri ilə bağlıdır. Bundan başqa, digər xarakterli işlər də var və buna misal olaraq bank-kredit mübahisələri ilə əlaqədar şikayətlərdir. Bu tip şikayətlər son dövrlər ərzində çoxluq təşkil edir". Gəncə şəhər Nizami rayonunun insan hüquqlarının müdafiəsi üzrə MFP-dən irəli gələn əhalinin hüquqi maarifləndirilməsi sahəsində hansı işləri görməsinə gəldikdə isə vurğuladı ki, bu yöndə müəyyən qədər işlər görüblər: "Məhkəmə hakimiyyəti ədalət mühakiməsini və məhkəmə nəzarətini həyata keçirən bir orqandır. Konstitusiyamıza və respubilkanın digər qanunvericiliklərinə müvafiq olaraq hüququ pozulmuş hər bir şəxs məhkəməyə müraciət edə bilər. Həmçinin hüquqi maarifləndirmə yönündə də məhkəmə tərəfindən bir sıra mətbuat orqanlarında, yerli televiziyalarda istər məhkəmə hakimləri tərəfindən, istərsə də mənim tərəfimdən müəyyən dövrdə çıxışlar, hüquqi maarifləndirmə yönündə açıqlamalar verilib". Əhalinin hüquqi maarifləndirilməsi istiqamətində məhkəmə tərəfindən həyata keçirilən tədbirlər zamanı digər dövlət strukturları ilə əməkdaşlıq edib-etmədiklərinə gəldikdə isə Z.İmanov dedi ki, onlar Gəncə şəhərində mövcud olan dövlət orqanları ilə həyata keçirdikləri proqramlarda əməkdaşlıq edirlər: "Bundan başqa, "Şəffaflıq Azərbaycan", Korrupsiyaya Qarşı Mübarizə üzrə QHT-nin Gəncə şəhərində insan hüquqlarının qorunması və maarifləndirmə ilə bağlı regional seminar-konfransları keçirilib ki, bu seminarlarda vətəndaşların hüquqi maarifləndirməsi istiqamətində, pozulan hüquqlarla əlaqədar ərizə və şikayətetmə qaydaları barədə geniş maarifləndirmə işi aparılıb. Bu seminarda məhkəmə, prokurorluq, polis orqanlarının, eyni zamanda cəmiyyətin müxtəlif təbəqələrini təmsil edən qurumların nümayəndələri iştirak edirdilər. Mən hesab edirəm hüquqi maarifləndirmə yönündə aparılan işlərin KİV vasitəsilə təbiliği xüsusi önəm daşıyır". Ölkə prezidenti tərəfindən insan hüquqlarının müdafiəsi üzrə MFP-nin imzalanmasından sonra Gəncədə bu yöndə aparılan maarifləndirmə işlərinin əhalinin hüquqi maariflənməsində irəliləyişlərə səbəb olub-olmadığına gəldikdə isə Z.İmanov dedi ki, əvvəlki illərə nisbətən əhalinin hüquqi maarifləndirməsində müsbət yöndə irəliləyişlər var: "Ancaq hələlik hüquqi maarifləndirmə Gəncə şəhərində bir o qədər yüksək səviyyədə deyil. Bu gün nümayəndəliklər var ki, onlar hüquqi maarifləndirmə ilə məşğuldurlar. Amma onlarda çalışanlar tam hüquqşünas olmadıqlarından insanlar arasında düzgün maarifləndirmə apara bilmirlər. Məhz bu qeyri-peşəkar hüquqçuların verdikləri maarifləndirmə işi isə vətəndaşların hüquqi baxımdan köməyinə çatmır. Bir sıra nümayəndələr var ki, onlar Gəncə şəhərində qeyri-qanuni vəkillik fəaliyyəti ilə məşğuldular. İnsanları demək olar ki, aldadırlar, onlar əsassız şikayətlər, ərizələr yazmaqla məşğul olduqlarından vətəndaşlara da düzgün istiqamətlər göstərə bilmirlər. Bu da nəticədə əsassız şikayətlərə, həmçinin vətəndaşların düzgün şikayət etməməsinə səbəb olur". Müəyyən rəsmi, eyni zamanda özəl qurumlar tərəfindən vətəndaşlara qarşı qaldırılan məhkəmə iddiaları zamanı çıxarılan qərarların vətəndaşların xeyrinə olub-olmadığı ilə bağlı isə baş məsləhətçi dedi ki, məhkəməyə mülki qaydada müraciət edən hər bir şəxs qanunvericiliyə əsasən özü sübüt tələb etməlidir: "Yəni sübutları kifayət qədər təqdim edən, iddiasını əsaslandıran şəxs, təbii ki, məhkəmədə yekunda qalib gəlir. Amma sübutlarını düzgün təqdim edə bilməyən isə sonda məhkəmənin qərarı ilə uduzmuş hesab olunur". Z.İmanov ümumilikdə bu sahədə mövcud problemlərin ortaya çıxmasını əhalinin hüquqi maarifləndirməsinin aşağı olması ilə izah etdi və vurğuladı ki, ölkədə məhkəmə sisteminin 3 pilləli olduğunu nəzərə alsaq, vətəndaşlar birinci instansiyadan, yəni yerli məhkəmənin qərarından ikinci instansiyaya, apellyasiya məhkəməsinə müraciət edə bilər: "Əgər vətəndaş apellyasiya məhkəməsinin qərarından razı deyilsə, o zaman Ali Məhkəməyə müraciət edib hüquqlarının müdafiəsini həmin məhkəmədə müdafiə etməlidir. Ona görə də mən hesab edirəm ölkədə mövcud olan məhkəmə sistemi vətəndaşların hüquqlarının müdafiəsi üçün tam uyğundur. Əsas məsələ əhalinin hüquqi maarifləndirilməsi və bu hüququların müdafiəsi zamanı qanunun verdiyi imkanlardan istifadədir. Əgər vətəndaş öz hüquqlarını bilmirsə və həmin hüququların nədən ibarət olduğu haqda məlumat almaq niyyətində deyilsə, təbii ki, baş verən hər hansı bir hadisə zamanı o, hüquqularını bilmədiyi səbəbindən haqlıykən haqsız vəziyyətə düşə bilər. Bunun üçün vətəndaşlarımızın hüquqi maarifləndirmə işlərində özlərinin aktiv olması lazımdır".
Maarifləndirmə aşağı səviyyədədir
Sorğumuzda iştirak edən Gəncə şəhər sakinlərinə "Hüquqlarınızı bilirsinizmi" sualı ilə müraciət etdik. İlk olaraq sualımıza Hüseynov Vüqar cavab verdi. Bildirdi ki, o bu və ya digər şəkildə hüququları pozulduqda heç bir yerə müraciət etmir. Vətəndaş olaraq onun hüququnun qorunmasında bilavasitə səlahiyyətli olan dövlət orqanlarının işindən razı olub-olmadığını soruşduqda isə V.Hüseynovun cavabı belə oldu: "Mən heç bir yerə müraciət etmədiyim kimi, kimlərinsə fəaliyyəti haqqında da heç nə bilmirəm. Mənim hansı hüququm var, onu da bilmirəm". Eldar Əliyev adlı digər bir sakinlə də danışdıq. O isə hüquqlarını bildiyindən hüquqularının pozulmasına yol vermədiyini dedi. Əhalinin hüquqlarının müdafiəsində dövlət orqanlarının roluna gəldikdə isə E.Əliyevin cavabı belə oldu: "Əgər mən hüquqularımı, onların müdafiəsi yollarını bilirəmsə, həmin dövlət orqanlarının apardıqları təbliğatlardan da mətbuat vasitəsilə xəbərdar olmalıyam. Olmuramsa, deməli, mən insan hüquqularının qorunması, əhalinin hüquqi maarifləndirilməsində hüquq-mühafizə orqanlarının işinə qiymət verə bilmərəm. Bildiyim üçün də onların apardıqları işləri alqışlayıram". "Qız uşaqlarının hüquqları həmişə pozulur. Qızlarla oğlanlara həmişə fərq qoyulub" - bunu isə yerli sakin Gülmira Vəliyeva bildirdi. Onun sözlərinə görə, hüquqları barədə oxuduğu məktəbdə də tədris zamanı müəyyən bilgilər alıb. Amma bu bilgilər məktəbdən kənara çıxmayıb. Yəni evə gəldikdə bu hüquqlar evdə mövcud olan hüquqlardan arxa plana keçir. G.Vəliyeva hüquqlarının istər ailədə, istərsə də cəmiyyət tərəfindən pozulduğunu bildikdə bu hüququların müdafiəsi ilə bağlı mübarizə apara bilməməsini kişilərin qadınlar üzərində hegemonluğu ilə əlaqələndirir. Onun sözəlrinə görə, yalnız və yalnız bu hüququları öz-özünə danışa-danışa müdafimə etmək məcburiyyətində qalır. Gəncədə polisin, prokurorluğun, ümumilikdə vətəndaşların hüquqlarının qorunmasında məsuliyyət sahibi olanların insanların hüquqularını qoruya bilib-bilmədiklərinə gəldikdə isə G.Vəliyeva dedi ki, polis Gəncədə vətəndaşın hüquqularını qorumur: "Nəinki Gəncədə, mən inanmıram ki, polis nəyisə əldə etmədən kiməsə kömək eləsin".
Əli Məmmədov isə bildirdi ki, o, hüquqlarının nədən ibarət olduğu haqqında yalnız bir vaxtlar təhsil aldığı məktəbdə müəyyən qədər bilgiyə malik olub. Həyatda isə onu bu yöndə hansısa maarifləndirmə prosesinə cəlb etməyiblər: "Ona görə də hansısa hüququm pozulanda polisə, yaxud da prokurorluq və məhkəmə orqanlarına müraciət etmək qaydalarını bilmirəm. Hesab edirəm əhalini bu yöndə maariflənməsinə ehtiyac var". Vahid Məmmədov isə dedi ki, bu günə kimi onun nə hüququ pozulub, nə də bu hüquqların müdafiəsi üçün başqalarına ehtiyacı var: "Qaldı ki hər bir adam öz hüququnu bilməli və onu müdafiə etməyi bacarmalıdır. Qəzetlərdə, televiziyada bu barədə davamlı məlumatlar verilir və ona görə də hamı öz hüququnu bilməlidir".
İcra hakimiyyəti qarşısında E.Əzimovun, eyni zamanda onun müavinlərindən birinin qəbuluna düşmək üçün mübarizə aparan Gəncə şəhər sakini - gözüyaşlı Kübra Abdullayevanın ŞİH önündə belə ah-fəğan etməsini, başçının qəbuluna hansı hüquqularının pozulmasını əsas tutaraq girmək istədiyini də öyrənməyə çalışdıq: "Mən uzun illər, dünyanın düz vaxtı Gəncə Qənnadı Fabrikində işləmişəm. İşlədiyimiz dövrdə fabrikdəki digər yoldaşlarımla birlikdə mənzil növbəmiz də vardı. Amma ittifaq dağılandan sonra müəyyən səbəblərdən qapı-pəncərə qoyulmadan məcbur olub evlərimizə girdik və order alıb özümüz evlərimizi təmir elədik. Lakin ailə böyükdü və verilən mənzillə ailənin tərkibi arasında böyük fərq vardı. Fabrik rəhbərliyi 120 işçiyə Gəncə Qənnadı Fabrikinə məxsus torpaq sahəsində torpaq payının verilməsi ilə bağlı qərar qəbul etdi. 1993-cü ildə bu proses başladı və 120 işçi həmin yerdə ev tikib ailəsinin mənzil problemini həll etməyə çalışdı. Ancaq buna nail olmaq bir o qədər asan olmadı. Bu günə kimi mən şəxsən həmin torpaq sahəsində nəinki ev tikə bilmirəm, hətta o torpağa yaxın gedəndə belə qabağım kəsilir. Guya, vaxtilə fabrik rəhbərliyi səhv edib. Ölkə prezidenti İlham Əliyev cənablarına bu yöndə hüquqularımın pozulduğu haqqında yazmışam. Bir müddət əvvəl Prezident yanında Korrupsiyaya Qarşı Mübarizə Komissiyasına da yazmışdım. Cavab gəldi ki, məsələnin araşdırılması üçün Gəncə ŞİH başçısına tövsiyə olunub. A bala, mən yaşlı qadın və gündəlik dolanışığa möhtac biri 5 ildir E.Əzimovun qəbuluna gəlib-gedirəm, lakin bir çarə etmir. Əksinə, müavini mənimlə hədə-qorxu ilə danışır. Mənim bu hüququmu kim müdafiə edəcək? Artıq hər şeydən əlimi üzmüşəm. Bircə kərə başçının qəbuluna düşməyə izin verilsə, ona bir söz deyərəm ki, yəqin, onun da mənim kimi yaşlı bir yaxını var. O, rəva görərmi ki, onun hansısa qohumunun hüququ pozulsun".
4 DSK MSK-nın planı ilə işləyir
MFP-də maarifləndirmə ilə bağlı məsələlərdə MSK yaddan çıxmadığı kimi, yerlərdə DSK-nın seçkilərlə bağlı maarifləndirilməsi də nəzərdə tutulub. Biz də qarşıdan gələn bələdyyə seçkiləri öncəsi Gəncə şəhərində 37, 38, 39, 40 saylı DSK-da bu yöndə vəziyyətin nə yerdə olduğunu aydınlaşdırmaq istədik. 38 saylı DSK-nın bitərəf katibi Rauf Qurbanovla və 40 saylı DSK-nın sədri Azad İbrahimovla görüşümüzdə bildirdilər ki, Gəncə şəhərində 4 dairə var və bu DSK-lar Mərkəzi Seçki Komissiyası (MSK) tərəfindən hazırlanan plan əsasında öz işini müəyyənləşdirir. 38 saylı DSK-nın katibi R.Qurbanovun sözlərinə görə, Azərbaycan Respublikası prezidentinin "İnsan hüquqularının müdafiəsi üzrə milli fəaliyyət planının təsdiq edilməsi haqqında" sərəncamı əsasında seçki hüququ üzrə dairə və məntəqə seçki komissiyalarının sədrləri və üzvləri üçün regionlarda keçirilən ixtisaslaşdırılmış kurslar MSK-nın müəyyənləşdirdiyi cədvəl əsasında keçirilir. Onların sözlərinə görə, bu ilin 23, 24, 25 sentyabrında MSK-nın müəyyən etdiyi cədvəl üzrə Gəncə şəhər İcra Hakimiyyəti, prokurorluq, polis və məhkəmə orqanlarının işitrakı ilə "Seçki hüquqlarının pozulmasına görə məsuliyyət", "Vətəndaşların seçki hüquqlarının pozulmasına aid şikayətlərə baxılması", "İcra hakimiyyəti və bələdiyyə qurumlarının seçki siyahılarının dəqiqləşdirilməsi ilə əlaqədar vəzifələri", "Azərbaycan Respublikası Konstitusiyası ilə verilən seçki hüququnun məhkəmə müdafiəsi", "Bələdiyyə seçkilərinə hazırlıq, seçkilərin keçirilməsi və onun nəticələrinin müəyyən edilməsi qaydaları" və digər məsələləri özündə əhatə edən hüquqi bərabərlik istiqamətində DSK üzvlərinin maarifləndirilməsi aparılıb.

40 saylı DSK-nın sədri A.İbrahimovla görüşümüzdə MFP-nin 2006-cı ildə imzalanmasından sonra Gəncədə vətəndaşların seçki hüququnun pozulması hallarının olub-olmadığı haqqında da məlumat almaq istədik: "Şifahi şəkildə müraciətlər olub. Əsasən də bu şikayətlər siyahılarda adların olmaması ilə bağlıdır. Belə hallar olduqda seçki dövründə "qaynar xətt"lər fəaliyyət göstərir ki, həmin xidmət vasitəsilə şikayətlər qəbul olunur və dərhal vətəndaşın pozulan hüququları bərpa edilirdi". Komissiya sədri qarşıdan gələn bələdiyyə seçkilərində də əhalinin seçki hüquqlarının pozulmaması üçün bu yöndə hazırlanan tədbirlər planı çərçivəsində maarifləndirmə işini davam etdirəcəklərini bildirdi.
Uşaqlara öz hüquqları öyrədilir Gəncədə olduğumuz müddətdə Ombudsman Aparatının Uşaq Hüququları Resurs Mərkəzi tərəfindən 1 saylı şəhər liseyində keçirdiyi seminarda da iştirak etdik. 3 sinfin hər birində 20 şagird, 15 müəllimin işitrakı ilə keçirilən seminarda şəhər icra hakimiyyətinin humanitar şöbəsinin nümayəndəsi ilə yanaşı, eyni zamanda şəhər təhsil idarəsinin də nümayəndəsi iştirak edirdi. Keçirilən hər 3 sinifdə 2 saata yaxın davam edən seminar-məşğələlərdə şagird və müəllimlərə uşuq hüquqlarının yaranma tarixi, bu yöndə BMT-nin qəbul etdiyi "Uşaq hüquqları konvensiyası"nın qəbulu haqqında bilgilər verildi. Eyni zamanda uşaq hüquqları ilə bağlı şagirdlərə inşalar yazdırıldı.
"Kəpəz" TV problemləri efirində işıqlandırır
İnsan hüquqlarının müdafiəsi üzrə MFP-dən irəli gələn məsələlərdən ən başlıcası əhalinin hüquqi maarifləndirilməsi ilə bağlıdır. Bu prosesin həyata keçirilməsində dövlət orqanlarının gördüyü işləri işıqlandırmaq yazılı mətbuatla yanaşı, eyni zamanda elektron KİV-in də borcu hesab olunur. "Kəpəz" TV də Gəncəbasar bölgəsində özünün tamaşaçı kütləsi ilə regionun ən öndə gələn televiziyası olduğundan bu TV-də insan hüquqlarının qorunması və maarifləndirmə işinin necə yerinə yetrilməsini xəbərlər xidmətinin rəhbəri Rasim Əliyevlə aydınlaşdırmaq istədik: "Qeyd edim ki, ölkə prezidenti İlham Əliyev cənablarının imzaladığı "İnsan hüquqlarının müdafiəsi üzrə milli fəaliyyət planı"nın qəbulu hər bir vətəndaşımızı sevindirdiyi kimi, biz televiziya işçiləri tərəfindən də rəğbətlə qarşılandı. Ancaq onu da qeyd etməliyəm ki, MFP-nin imzalnmasından öncə də "Kəpəz" TV-nin gündəmində bu məsələ ümdə problemlərdən biri olub. Həmişə sözügedən məsələyə diqqət ayrılıb. Sözsüz, həmin proqramların qəbulu bizim üzərimizə əlavə məsuliyyət və cavabdehliklər qoyur. Qeyd etməliyəm ki, artıq bu yöndə TV-də bir neçə layihə hazırlanıb və onların təqdimatına başlanılıb. Konkret mövzu ilə əlaqədar demək olar ki, "Femida" adlanan proqram var və bu proqram TV-nin efirində həftədə bir dəfə yayınlanır. Proqramda əsasən hüquqi maarifləndirmə məsələlərinə yer verilir. Burada vətəndaşların rastlaşdıqları problemlərin həlli yolları mütəxəssislərin şərhi, rəyi ilə onlara izah olunur. Digər bir neçə proqramın da adını çəkmək olar. Bunlardan biri də həftəlik efirə gedən "Qadın marağı"dır. Bu layihədə də sadalanan məsələlərin həllinə dair tövsiyələr yer alır. Burada daha çox qadın problemləri ilə bağlı məsələlərə xüsusi yer verilir. Proqramda həm xanım aparıcının təqdimatında, eyni zamanda da qonaqların aydınlıq gətirdikləri şərhlərlə cəmiyyətdə qadınları narahat edən problemlər barədə geniş diskussiyalar aparılır. Bu deyilənlərə televiziyanın efirində gündə 4 dəfə canlı yayınlanan "Bu gün" proqramı əlavə oluna bilər. Həmin proqramda da biz vətəndaşların sıx-sıx üzləşdiyi, rast gəldikləri sosial problemləri verməyə çalışırıq. Yəni vətəndaşlar tərəfindən bizə olunan müraciətləri, onların həlli yollarına dair informasiyaları təqdim etməyə çalışırıq".
Hüquq məsləhətxanası olsa da...
Gəncədə əhaliyə hüquqi məsləhətlərin verilməsi üçün hüquq məsləhətxanası da (HM) xidmət göstərir. HM-nin, eləcə də Azərbaycan Vəkillər Kollegiyasının üzvü Ramiz Abdullayevlə görüşüb məsləhətxananın vətəndaşların hüquqi maarifləndirmə yönündə göstərdiyi fəaliyyət haqqında məlumat verməsini istədik. Abdullayev bildirdi ki, onlar ölkə prezidenti tərəfindən insan hüquqlarının müdafiəsinə dair MFP-nin imzalanmasını yüksək qiymətləndirirlər. Vəkilin sözlərinə görə, MFP-nin imzalanması Azərbaycanın hüquqi dövlət quruculuğu istiqamətində addımlar atdığını bir daha sübut etdiyi kimi, ölkə vətəndaşlarının hüquq və azadlıqlarının müdafiəsinə geniş təminatın yaradıldığı bariz şəkildə ortaya qoyulur: "İnsanların ümumiyyətlə hüquqi müraciətləri müxtəlifdir. Əsasən mülkiyyətlə, ailə münasibətləri, vərəsəliklə bağlı daha çox müraciətlər olunur".
R.Abdullayev əhalinin hüquqla bağlı çox az bilgiyə malik olduğunu da vurğuladı. Bunun konkret səbəbini deyə bilməsə də, ancaq əhalinin hüquqi cəhətdən maariflənməsinə ehtiyacın olduğu qənaətindədir: "Məsələ ondan ibarətdir ki, insanlar illərləə mülkiyyətlə, vərəsəliklə bağlı olan məsələləri vaxtında həll etməyiblər. Bazar iqtisadiyyatına, kapitalizmə keçidlə bağlı köhnə vaxtlarda həll edilməyən çoxlu mülkiyyət məsələləri var ki, bu məsələlərin həllinə daha çox ehtiyac yaranıb. Çünki artıq bu mülk, daşınmaz əlakın hamısı iqtisadi proseslərdə iştirak edir. Yəni həmin mülkiyyətlər banklar vasitəsilə girov götürülərək kreditlər verilir. İqtisadi proseslərlə bağlı bu əmlakın döviyyəsi və cəmiyyətdə rolu artıb. Ona görə də insanlar o köhnədənqalma, həll olunmayan məsələlərlə əlaqədar daha çox müraciət edirlər. Çünki 10 illərlə hansısa əmlak valideynin adına olaraq qeydə alınıb. Yaxud da tikilib, amma hər hansı qeydiyyat aparılmayıb. Hazırda qanunvericilikdə müddəa var ki, mülkiyyət hüququ yalnız daşınmaz əmlakın dövlət registri xidmətində qeydiyyatdan keçdikdən sonra qanunla tanınır. Bu tip mübahisələr məhkəmədə qaldırılanda mülkiyyətə dair şəhadətnamə yoxdursa, mülkiyyətin hüququna dair çıxarış əldə edilməyibsə, bu halda məhkəmə insanların hüquqlarının müdafiəsində qanunvericiliyin tələbinə görə əsaslı dönüş eləyə bilmir. Ona görə də belə zərurətlər ortaya çıxdığı üçün bu tip mübahisələr daha çoxdur".
Vəkilin sözlərinə görə, HM-ə müraciətlər içərisində ailə-məişət zəminində baş verən narahatlıqlar da az deyil. Onun sözlərinə görə, bu daha çox boşanmalar zamanı əmlak bölgüsü ilə əlaqədar olur. Eyni zamanda yaşamaq hüququnun tanınması da boşanmalar zamanı ortaya çıxan problemlərdəndir: "Mən ağırlı bir məsələni qeyd etmək istəyirəm ki, 2000-ci ildən sonra qüvvəyə minmiş yeni qanunvericiliklə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən, gəlin köçən xanımlar mülkiyyət sahibindən notariat qaydada təsdiqlənmiş razılıq almalıdırlar. Yəni həmin xanım boşananda evdə yaşamaq hüququ əldə etsin. Lakin əhalinin çoxu bunları bilmir".
İnsan hüquqları ilə bağlı əhalinin maarifləndirilməsi prosesində görülən işlərin ümumi nəticəsindən də danışan R.Abdullayev dedi ki, bu gün Gəncədə əhalinin maarifləndirilməsi işinin yüksək olduğunu söyləmək olmaz. O bunu görülən işlərlə bağlamasa da, hüquqi maarifləndirmədə əhalinin özünün passivliyinin böyük rol oynadığını vurğuladı: "Hesab edirəm hüquqi maarifləndirmə yolunda atılan addımlar nəticəsində vətəndaşları bu yöndə bilgiləndirmək olar. Amma bunun üçün insanların özləri də müəyyən cəhdlər göstərməlidir. Misal üçün hüquq məsləhətxanalarından kənar hüquqi yardım göstərən şəxslərə müraciət etməməlidirlər. Çünki onlar bu tip şəxslərə müraciət etdikdə verilən hüquqi yardım zamanı böyük yanlışlıqlara gətirib çıxarır".
Vəkil çalışdığı HM-də imkansız ailələrə pulsuz hüquqi yardımın göstərilməsinə də toxundu və dedi ki, HM təsərrüfat hesablı olsa da, burada qiymətlər müştəri ilə razılaşdırılmış qaydada müəyyənləşdirlir. Onun sözlərinə görə, bu proseslər zamanı da məsləhət alanla məsləhət verən arasında olan razılaşma hər iki tərəfi qane edir: "Amma buna baxmayaraq biz yenə də bu yöndə əhaliyə xitmət göstəririk. Bu proses əsasən yerli televiziya və qəzetlər vasitəsilə aparılır".
80 müəllimə seminar keçirilib
Gəncədə hüquqi maarifləndirmə prosesinin məktəblərdə necə yerinə yetirildiyini öyrənmək üçün Tədris Mərkəzinin rəhbəri Afaq Əliyeva ilə söhbətləşdik. Afaq xanım bildirdi ki, insan hüquqlarının tədrisində Gəncə şəhərində yerləşən ali tədris ocaqlarında iş aparmasalar da, bu işi şəhər məktəblərində uğurla yerinə yetirirlər: "Bizim işlədiyimiz əsas sahələr orta məktəblər, məktəbəqədər müəssisələr və məktəbdənkənar müəssisələrdir. Ötən il bu sahədə gördüyümüz işləri nəzərə alsaq, deməliyəm ki, 2008-ci ilin oktyabr - noyabr aylarında biz insan hüquqularının tədrisi və insan hüquqularının fəal təlim texnologiyaları mövzusunda seminar-treninqlər təşkil etdik. Bu seminar-treninqlər yalnız TM-in xətti ilə deyil, Beynəlxalq Xilasetmə Komitəsinin təlimçilərinin köməkliyi ilə keçirildi. Seminarlara 80 nəfərə yaxın müəllim cəlb olundu. Bunlar təkcə fənn müəllimləri deyil, həm də ibtidai sinif müəllimləri, eyni zamanda tarixçi və riyaziyyatçılar, fizika və kimya müəllimləri idi. Əslində, seminarlar sırf müəllimlərimizin maraqları üzərində tərtib olunmuşdu. Bizim yuxarı sinif müəllimlərimizin insan hüquqları ilə bağlı biliklənmədə fəal təlimlərə ehtiyacının olduğunu nəzərə aldıqda o seminarlar demək olar yerinə düşdü. BXEK-nın təcürbəli təlimçilərinin bizə kömək etməsi ona gətirib çıxardı ki, bizim seminarlara cəlb etdiyimiz 80 müəllim 3 gün ərzində keçirilən bu seminarda onları maraqlandıran çox informasiyalar əldə etdilər. Bu seminarların nəticəsi olaraq həmin müəllimlərimiz sertifikatlaşdırıldı. Onu da vurğulamaq istəyirəm ki, bu seminarlar 6, 22 və 26 saylı məktəblərdə keçirildi". Sonra TM rəhəbri vurğuladı ki, bu gün əllərində az da olsa, insan hüquqları ilə bağlı maarifləndirmə işinin həyata keçirilməsi sahəsində dərs vəsaiti var: "Bu dərs vəsaitində göstərilir ki, insan haqları ilə bağlı 10-cu, 9-cu, 6-cı və 5-ci siniflərdə tədrisi necə aparmaq olar. Hesab edirik bu, kifayət qədər dəyərli vəsaitdir". A.Əliyeva onu da dedi ki, o, 1 ilə yaxın müddətdir TM-ə rəhbərlik edir və rəhbərlik etdiyi vaxtan bu yana görülən işlərə cavabdehdir. Ondan əvvəl TM-ə rəhbərlik edənlərin zamanında insan haqları ilə bağlı konkret hansısa işlərin görüldüyünə gəldikdə isə vurğuladı ki, işlər görülsə də, bu, ümumi işə təsir edə biləcək gücdə olmayıb. Onun sözlərinə görə, 80 müəllimin işitrakı ilə keçirilən seminarlarda əldə olunan nəticə ondan ibarətdir ki, bu gün artıq həm müəllimlər, eyni zamanda da şagirdlər öz hüquqlarının müdafiəsində daha fəallıq göstərirlər.
Pensiyaçıların hüquqları qorunur Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Gəncədə yerləşən mərkəzində də olduq. Əhalinin aztəminatlı təbəqəsinin, xüsusən də pensiya və təqaüdlər alan vətəndaşların yerlərdə hüquqlarının pozulduğunu nəzərə alaraq Gəncə şəhər Əmək və Əhalinin Sosial Müdafiəsi Mərkəzində vətənlaşların hüquqlarının necə qorunmasını öyrənmək istədik. Mərkəzin ünvanlı sosial yardımlar və sosial müavinətlər sektorunun baş mütəxəssisi Rauf Səfiyevlə görüşdük. R.Səfiyev bildirdi ki, çalışdığı mərkəzdə bura müraciət edən vətəndaşların hüquqularını qorumaq üçün həm ƏƏSMN rəhbəri Füzuli Ələkbərov, eyni zamanda Gəncə şəhər rəhbərliyi tərəfindən ciddi tapşırıqlar verilib. Onun sözlərinə görə, davamlı olaraq MFP-dən irəli gələn məsələlərin yerlərdə icrası istiqamətində seminarlar keçirilir: "Bundan başqa, biz öz əməkdaşlarımıza vətəndaşlarla görüşlərdə onların hüquqlarının qorunması yönündə davamılı səylər göstərmələrini tələb edirik. Ola bilsin hansısa hallar baş versin. Yəni hansısa əməkdaş iş vaxtı ona müraciət edən vətəndaşın problemini dinləyən zaman müəyyən qədər işinə etinasız yanaşsın. Belə hallar olduqda rəhbərlik tez bir zamanda şikayəti yerində araşdırır və həmin vətəndaşın hüquqları qorunur. Biz vətəndaşlara xidmət sahəsində, onların hüquqlarının qorunması yönündə işlərin davamlı şəkildə həyata keçirilməsini konkret proqram əsasında apardığımızdan bu gün demək olar mərkəzə bu yöndə edilən şikayətlər azalıb. Əvvəllər müraciətlər əsasən pensiyaların miqdarının azlığı, təqaüd yaşı ilə bağlı olurdusa, bu gün artıq belə müraciətlərə demək olar rast gəlinmir". R.Səfiyev bildirdi ki, o MFP-dən irəli gələn məsələlər barədə yalnız bu qədər danışa bilər və bundan artıq hər hansı bir söz deyə bilməz. Eyni zamanda R.Səfiyevin fotoşəkilini çəkmək istəsək də, bildirdi ki, qanunla onun şəkilini çəkmək üçün özündən icazə almalıyıq. O isə icazə vermədiyi üçün şəklini çəkə bilmərik.
Göygöl rayonunun Üçtəpə kəndində problem var
Gəncədə olduğumuz müddətdə vətəndaşlar tərəfindən hüquqlarının pozulması ilə bağlı müraciətlər də edilirdi. Belə müraciətlərdən biri Göygöl rayonunun Üçtəpə kənd sakinləri İlhamə Əliyeva və Sevinc Bağırova tərəfindən olunmuşdu. Biz də bu müraciəti yerində öyrənmək üçün Üçtəpə kəndində olduq və problemin mahiyyətini öyrəndik. Bəlli oldu ki, Üçtəpə kənd bələdiyyəsinin sədri Zakir Məmmədov adıçəkilən vətəndaşların torpaq hüququnu pozaraq onlara 2001-ci ildə hər birindən 300 ABŞ dolları alaraq hərəsinə 6 sot verdiyi torpağı bələdiyyənin üzvü Rasim adlı şəxsin adına sənədləşdirib və Gədəbəy rayon sakininə atıb. S.Bağırova bizimlə söhbətində bildirdi ki, onun həyat yoldaşı rəhmətə gedib və öhdəsində 2 azyaşlı uşağı var: "2001-ci ildə torpaq payları veriləndən sonra "Yeni məhəllələr" deyilən ərazidə mən və İlhamə hərəmizə 6 sot torpaq tutmuşduq. O torpağı götürəndən sonra bələdiyyə sədri Zakirə hər birimiz 300 ABŞ dolları pul verdik. O da əvəzində bildirdi ki, torpağın bizə məxsusluğunu bildirən sənədi yaxın günlərdə verəcək. Bu günə kimi həmin sənədi ala bilməmişik. Dəfələrlə müraciət etdikdə isə bugün-sabah dedi.

Sonradan eşitdik ki, bizə verilən torpaq sahəsi bələdiyyə işçisçi Rasimin adına sənədləşdirilib və Gədəbəydən olan birinə satılıb. Bu azmış kimi, bizə qarşı rayon məhkəməsində iş qaldırıb və hər birimizdən 6 min manat torağı zəbt etiyimizə görə pul istəyir. Qeyd edim ki, biz o pulu verəndə Zakirdən hansısa sənəd almadıq və bu gün əlimizdə pul verdiyimizi sübuta yetrəcək sənəd yoxdur. Amma buna baxmayaraq 7 - 8 ildir həmin torpağı əkib-becərdiyimizə, oranı daş-kəsəkdən təmizlədiyimizə qonşularımız da şahid olub. Bu məsələ Göygöl məhkəməsində qaldırılanda qonuşular şahid qismində işitrak etsə də, məhkəmənin hakimi Zakirin xeyrinə qərar çıxardı. Biz artıq rayon məhkəməsinin qərarından apellyasiya şikayəti vermişik".
İ.Əliyeva isə vurğuladı ki, həmin torpaq sahəsində Sevinc 1 otaqlı ev tikdirsə də, o yalnız ona məxsus sahədə əkin işləri aparıb, 7 - 8 il ərzində 30-dan artıq ağac becərib. Amma Zakir Məmmədovun göstərişi ilə Ruslan müəyyən vaxtlarda həmin ağacları kəsdirib, əkilən sahəni də şumladıb: "Torpaq payı paylananda nə mənə, nə də atama torpaq verilmədiyi halda, bu gün başqa-başqa adamların adına bələdiyyə sədri torpaq sənədləşdirib və həmin torpaqları özününküləşdrib. Mənə isə 6 sotu çox görür. Deyir ki, canını alıb səni həbs etdirəcəyəm. Əgər mən kənd sakini ola-ola torpaq payı ala bilmirəmsə, başqaları bunu necə edir, onu Zakirdən soruşan yoxdur. Bizim bu gün hüquqlarımız pozulub və bunun üçün ölkə rəhbərliyindən kömək gözləyirəm". Məsələ ilə bağlı bələdiyyə sədri ilə görüşmək istədik. Amma bələdiyyə binasının qapısı bağlı olduğundan nə onu, nə də müavinlərini tapmaq mümkün oldu. Qeyd edim ki, baş verən hadisə ilə bağlı Gəncə şəhər Apellyasiya Məhkəməsində oktyabrın 8-də proses keçirilsə də, hakim şikayətçi tərəfin maddi imkanları olmadığına görə dövlət tərəfindən vəkillə təmin olunmaları üçün qaldırdığı vəsatəti təmin edib məhkəmə vaxtını başqa bir günə keçirdi. Yəni hər iki şəxsə qanunla pulsuz vəkil təyin olunduqdan sonra proses keçiriləcək.