Seçilmişlərə əlavə et     Başlanğıç səhifəsi et
28 Iyul 2009-cu il "II Qaregin Bakıya gəlməyəcək"            Təbrik            Atəşkəs reyimi pozulub             Cinayətlərin sayı azalır            Gürcüstan Bakının bəyanatını alqışlayır             ABŞ rəhbərliyi Bakıya dəvət edilib             Yanacaqdoldurma məntəqəsinə silahlı basqın            İran Ermənistana nüvə yanacağı verməyə hazırdır             Avropanın gənc "yaşılları" Bakıya gəlir             Azərbaycan "Nabukko"nun potensial qaz tədarükçülərindəndir     N 044(1945)



B
C
C
C
C
S
B
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31

  • Təsisçi və Baş redaktor:
         Sevinc Seyidova

  • Qəzet Mətbuat və İnformasiya Nazirliyində qeydə alınıb (Lisenziya 022832)

    Müəllifin mövqeyi redaksiya mövqeyi ilə üst-üstə düşməyə bilər
  • Baş redaktor
    sevinc@hafta-ici.az

  • Siyasət şöbəsi
    siyaset@hafta-ici.az

  • İqtisadiyyat şöbəsi
    iqtisadiyyat@hafta-ici.az

  • Sosial şöbə
    sosial@hafta-ici.az

  • İdman şöbəsi
    idman@hafta-ici.az


  •  

    free counters

    Ədliyyə Nazirliyi fəaliyyətini MFP-nin tələblərinə uyğunlaşdırıb
    İnsan hüquqlarının müdafiəsi üzrə milli Fəaliyyət planında (MFP) nəzərdə tutulan əhalinin müxtəlif qruplarının hüquqlarının müdafiəsinin gücləndirilməsi sahəsində tədbirlərin icrası - xarici ölkələrdə cəza çəkən Azərbaycan vətəndaşlarının və Azərbaycanda cəza çəkən əcnəbilərin cəzalarının qalan hissəsinin çəkilməsi üçün vətəndaşı olduqları ölkəyə verilməsinə dair bağlanmış müqavilələrdən irəli gələn öhdəliklərin yerinə yetirilməsi, azadlıqdan məhrum edilmiş vətəndaşların beynəlxalq standartlara uyğun saxlanılması məqsədilə yeni penitensiar müəssisələrin inşa edilməsi və digər məsələlərin həyata keçirilməsi ilə bağlı "Həftə içi" Ədliyyə Nazirliyinə müraciət edib.
       
       
       
       Nazirliyin İctimaiyyətlə Əlaqələr İdarəsindən bildirdilər ki, xarici ölkələrdə cəza çəkən Azərbaycan vətəndaşlarının və Azərbaycan Respublikasında cəza çəkən xarici ölkə vətəndaşlarının cəzalarının qalan hissəsini çəkmək üçün vətəndaşı olduqları ölkəyə verilməsinə dair bağlanmış müqavilələrdən irəli gələn öhdəliklərin yerinə yetirilməsi ilə bağlı Ədliyyə Nazirliyi bir sıra tədbirlər həyata keçirib. Öncə qeyd etmək lazımdır ki, məhkumların verilməsi sahəsində Azərbaycan Rusiya, Ukrayna, Gürcüstan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, İran və Litva ilə ikitərəfli müqavilələr bağlayıb. Eyni zamanda Azərbaycan "Məhkum olunmuş şəxslərin verilməsi haqqında" 21 mart 1983-cü il tarixli Avropa Konvensiyası və "Azadlıqdan məhrum etməyə məhkum olunmuşların cəzalarının qalan hissəsini çəkmək üçün təhvil verilməsi haqqında" 06 mart 1998-ci il tarixli Moskva Konvensiyasının iştirakçısıdır. Ədliyyə Nazirliyi tərəfindən görülmüş tədbirlər nəticəsində 2005-ci ildən 2009-cu ilin oktyabr ayına kimi keçən dövr ərzində müxtəlif ölkələrə 109 məhkum təhvil verilib, ölkəmizə isə 204 məhkum qəbul edilib. Məlumatda həmçinin bildirilir ki, cəza siyasətinin humanistləşdirilməsi məqsədilə ölkə başçısının qanunvericilik təşəbbüsü əsasında 2008-ci ildə Milli Məclis tərəfindən cəzaların çəkilməsi və icrası qaydalarının humanistləşdirilməsi ilə bağlı "Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinə və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əlavə və dəyişikliklərin edilməsi haqqında" qanun qəbul edilib. Bu əlavələr və dəvişikliklərlə məhkumların təhsil almaq hüququnun genişləndirilməsi, yazışmalarda senzuranın məhdudlaşdırılması, əməklə məşğul olan məhkumların əməkhaqlarından tutulmaların azaldılması, onların maddi-məişət təminatlarının dövlət tərəfindən ödənilməsi, ömürlük azadlıqdan məhrum edilmiş məhkumlar üçün əlavə güzəştlər və s. nəzərdə tutulub. Penitensiar sistemin infrastrukturunun müasirləşdirilməsi, məhkumların saxlanma şəraitinin beynəlxalq standartlara uyğunlaşdırılması məqsədilə onların maddi-məişət və sanitariya-gigiyena şəraiti köklü surətdə yaxşılaşdırılıb, göstərilən tibbi xidmətin səviyyəsi yüksəldilib, bütün bunlara gündəlik nəzarət təşkil olunmuş, regionlarda beynəlxalq standartlara cavab verən yeni müasir tipli penitensiar komplekslərin inşasına başlanılıb. 2008-ci ildə Naxçıvanda qarışıq rejimli cəzaçəkmə müəssisəsi, 2009-cu ildə isə Bakı istintaq təcridxanası inşa edilərək istifadəyə verilib. Lənkəran və Şəki şəhərlərində bu tipli komplekslərin, habelə Umbakı qəsəbəsində yeni həbsxananın tikintisi aparılır. Gəncədə və Kürdəmirdə yeni qarışıq rejimli cəzaçəkmə müəssisələrinin, Bakı şəhərinin Sabunçu rayonunda qadınlar və yetkinlik yaşına çatmayan şəxslər üçün yeni cəzaçəkmə müəssisələrinin, eləcə də müalicə müəssisəsinin tikintisi nəzərdə tutulur. Penitensiar müəssisələrdə təmir-tikinti və abadlıq işləri aparılıb, tibb sanitariya hissələri zəruri avadanlıqlarla təchiz edilib, müəssisələrdə psixoloq ştatı açılmış, məhkumlar mütəmadi olaraq kütləvi müayinələrdən keçirilib, məhkumlar ictimai faydalı əməyə cəlb olunub, müəssisələrdə kompüter kursları, bədii-konsert proqramları, idman yarışları təşkil edilmiş, kitabxana fondu zənginləşdirilib. Məhkumların saxlanma şəraitinin yaxşılaşdırılması ilə bağlı geniş tədbirlər, həmçinin 6 fevral 2009-cu ildə ölkə başçısının sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan ədliyyəsinin inkişafına dair 2009-2013-cü illər üçün dövlət proqramı"nda da öz əksini tapıb. İctimai nəzarət mexanizmlərinin tətbiqi məqsədilə 2006-cı ildə ədliyyə nazirinin əmri ilə "Məhkumların islah edilməsində ictimaiyyətin iştirakı və cəzanı icra edən müəssisələrin fəaliyyətinə ictimai nəzarətin həyata keçirilməsi qaydaları" təsdiqlənib və həmin ildə tanınmış hüquq müdafiəçilərindən ibarət müvafiq İctimai Komitə formalaşdırılıb. Oktyabrın 28-də ölkə ictimaiyyəti və media nümayəndələrinin, xarici ölkələrin və beynəlxalq təşkilatların təmsilçilərinin iştirakı ilə İctimai Komitə üzvlərinin Seçki Komissiyası ilə hesabat görüşü keçirilib. Ölkəmiz beynəlxalq sənədlərdən irəli gələn öhdəliklərin yerinə yetirilməsi istiqamətində BMT, ATƏT, Avropa Komissiyası, Avropa Şurası, o cümlədən İşgəncələrin qarşısının alınması üzrə Avropa Komitəsi (CPT), Beynəlxalq Qırmızı Xaç Komitəsi (BQXK) və digər nüfuzlu beynəlxalq təşkilatlarla əməkdaşlıq edir. 2000-ci ildə bağlanmış sazişə əsasən BQXK-nın nümayəndələri azadlıqdan məhrum etmə yerlərində monitorinqlər aparır, maneəsiz məhkumlarla təklikdə görüşlər keçirir, monitorinqlərin nəticələri üzrə hesabatlarla bağlı təhlillər aparılır, tövsiyələr üzrə müvafiq işlər görülür. 2009-cu ildən etibarən Avropa Komissiyası ilə birgə həyata keçirilməsi nəzərdə tutulan "Ədliyyə İslahatlarına dəstək proqramı"nda əsas istiqamətlərdən biri kimi penitensiar sistemin müasirləşdirilməsi müəyyən edilir. Bununla yanaşı, Azərbaycan Respublikası hökumətinin YUNİSEF-lə əməkdaşlığına dair 2005-2009-cu illər üzrə ölkə Proqramı çərçivəsinə daxili işlər və ədliyyə nazirlikləri arasında yuvenal ədliyyə sisteminin islahatı üzrə birgə layihə icra olunur. "Hüquqi maarifləndirmə ilə bağlı vəziyyətin nə yerdə olması"na gəlincə isə qurumun rəsmi mövqeyində bildirilir ki, əhalinin hüquqi maarifləndirilməsi, hüquq düşüncəsinin və hüquqi mədəniyyətinin inkişaf etdirilməsi məqsədilə nazirliyin mətbu nəşrlərindən, internet səhifəsinin, eləcə də "e-qanun.az" internet saytının imkanlarından geniş istifadə olunur, ədliyyə orqanlarının əməkdaşları tərəfindən müxtəlif hüquqi mövzularla bağlı kütləvi informasiya vasitələrində, maarifləndirmə tədbirlərində çıxışlar edilir. Hüquqi maarifləndirmənin və informasiya təminatının təşkili məqsədilə 2006-2008-ci illər ərzində ədliyyə nazirinin əmri ilə "İnternet-saytın reqlamenti", "İnformasiya xidmətinin təşkili ilə əlaqədar daxili icraat qaydaları" təsdiqlənib, nazirliyin kollegiyasında müvafiq məsələlər müzakirə edilərək "Ədliyyə orqanlarının fəaliyyətində aşkarlığın gücləndirilməsi və hüquqi maarifləndirmə işinin gücləndirilməsi üzrə əlavə tədbirlər haqqında", habelə "İnternet-səhifənin fəaliyyətinin təkmilləşdirilməsi haqqında" qərarlar qəbul edilib. Bu il martın 18-də Azərbaycan Respublikasının Konstitusiyasına əlavə və dəyişikliklərin edilməsi ilə bağlı ümumxalq səsverməsinin (referendumun) keçirilməsi ilə əlaqədar məqsədyönlü tədbirlər, o cümlədən rerefendum aktının əhali arasında geniş izahının təşkili istiqamətində zəruri işlər görülüb. Nazirliyin kollegiya iclasında referendum aktının layihəsi ilə bağlı məsələ, bununla əlaqədar ədliyyə orqanlarının qarşısında duran vəzifələr müzakirə olunub, bu sahədə hüquqi maarifləndirmə işinin gücləndirilməsinə dair konkret tapşırıqlar verilib, silsilə tədbirlərin həyata keçirilməsini nəzərdə tutan tədbirlər planı təşdiq olunub. Eyni zamanda, ədliyyə işçiləri tərəfindən referendum aktının dərindən öyrənilməsi və hərtərəfli təhlil edilməsi məqsədilə xüsusi iclas keçirilib. Referendumla bağlı nazirliyin mətbu nəşrlərinin, internet səhifəsinin imkanlarından geniş istifadə edilib, "Qanunçuluq" jurnalının xüsusi buraxılışı hazırlanıb. Maarifləndirmə sahəsində beynəlxalq təsisatlar və QHT-lərlə əməkdaşlıq davam etdirilir. BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin birgə həyata keçirdiyi layihə çərçivəsində "İnsan hüquqları və həbsxanalar - ədalət mühakiməsinin həyata keçirilməsinə dair beynəlxalq insan hüquqları sənədlərinin məcmuəsi" Azərbaycan dilinə tərcümə olunaraq nəşr edilib, dövlət orqanlarına və digər təşkilatlara göndərilib. Bu ilin iyul ayında İctimai Komitə ilə birlikdə penitensiar sistemin fəaliyyətini işıqlandıran jurnalistlər üçün Ədliyyə Akademiyasında seminar təşkil edilib, interaktiv dialoq aparılıb, media nümayəndələrinin çoxsaylı sualları cavablandırılıb. Məhkumlara hüquqi yardımın göstərilməsi məqsədilə cəzaçəkmə müəssisələrində komitə üzvləri tərəfindən "hüquqi yardım" günlərinin keçirilməsinə şərait yaradılıb. Eyni zamanda, Ədliyyə Akademiyasında nazirliyin Penitensiar Xidmətinin, Tibb Baş İdarəsinin əməkdaşlarının, digər ədliyyə işçilərinin, bələdiyyə üzvlərinin və qulluqçularının insan hüquqları və digər sahələrdə maarifləndirilməsi mütəmadi olaraq həyata keçirilir.
    Bu yazı 4315 dəfə oxunmuşdur.
    Cəzaçəkmə müəssisələrində vəziyyət necədir?
    İctimai Komitənin üzvləri şəffaflıqdan və problemlərdən danışdılar
    Dünyanın inkişaf etmiş ölkələrində cəzaçəkmə müəssisələrində saxlanma şəraitinin yaxşılaşdırılması, məhbusların hüquqlarının qorunması, cəzaların humanistləşdirilməsi istiqamətində addımlar atılır. Milli fəaliyyət planına (MFP) uyğun olaraq Ədliyyə Nazirliyinə də müvafiq tövsiyələr verilib.
       
       
       
       MFP-də həmçinin məhbusların hüquqlarının qorunması, həbsxanalara ictimai nəzarət, bu sahəylə bağlı QHT-lərlə əməkdaşlıq məsələləri də öz əksini tapıb. Həbsxanalara ictimai nəzarətin həyata keçirilməsi üçün isə Ədliyyə Nazirliyi yanında Cəzaçəkmə Müəssisələrinə İctimai Nəzarət Komitəsi yaradılıb. Sadalanan məsələlərin necə həyata keçirildiyini öyrənmək üçün İctimai Komitənin üzvləri - Demokratiya və İnsan Haqları Komitəsinin rəhbəri Çingiz Qənizadə və Konstitusiya Araşdırmalar Mərkəzinin sədri Əliməmməd Nuriyevlə əlaqə saxladıq. Ç.Qənizadə diqqətə çatdırdı ki, məhbusların işlə təmin olunması sahəsində ciddi problemlər mövcuddur. Onun sözlərinə görə, hansı cəzaçəkmə müəssisəsində kiçik istehsal müəssisəsi varsa, müəssisənin rəhbərliyi də maraqlıdır ki, məhbusları işlə təmin etsin: "Amma 800-1000 nəfərlik cəzaçəkmə müəssisəsində 30-40 məhbusun işləməsi o demək deyil ki onlar bütövlükdə işlə təmin olunublar. Bu məsələ bütün cəzaçəkmə müəssisələrində ümumi bir problemdir". "Sovet dövründə bu problem niyə yox idi" sualını cavablandıran hüquq müdafiəçisi vurğuladı ki, həmin zaman Qaradağ rayonu ərazisində olan cəzaçəkmə müəssisələrinin əksəriyyəti mişar daşlarının yüklənməsi və müxtəlif istiqamətə göndərilməsi ilə məşğul idi: "İndi həmin yerlərin hamısı özəlləşib. İşsizlik ucbatından da orada bu işləri görən çoxsaylı fəhlələr var. Ona görə də, heç kim məhbusla iş görmək istəmir. İkincisi də o vaxt cəzaçəkmə müəssisələrində mebel, tikiş sexləri var idi. Burada hazırlanan məhsullar dövlətin iştirakı ilə müxtəlif yerlərə göndərilir və satışı təşkil olunurdu. Məsələn, Azərbaycan cəzaçəkmə müəssisələrində istehsal olunan hansısa bir məhsul Özbəkistana, orada istehsal olunan isə ölkəmizə gətirilirdi. Buna görə də həbsxanalarda iş yerləri var idi. İndi isə həmin müəssisələrdə istehsal olunan məhsulların keyfiyyəti və kəmiyyəti bu gün sahibkarların kənardan gətirdiyindən qat-qat aşağıdır və alıcılıq qabiliyyəti yoxdur. Ona görə də heç kim onlarla əməkdaşlıq etmir və məhsullarını almır. Hardasa 10-15 xalça toxunursa, hərbçilər üçün çarpayılar düzəldilirsə bu, da müvəqqəti xarakterlidir. Bu baxımdan da Ədliyyə Nazirliyi yanında İctimai Komitə yox, heç dövlətin özü bu məsələni həll edə bilmir. Bu səbəbdən də işsizlik problem olaraq qalır". Bütün cəzaçəkmə müəssisələrində xırda istehsal müəssisələrinini olduğunu önə çəkən Ç.Qənizadə vurğuladı ki, bəzi həbsxanalarda nərd istehsalını və satışını təşkil edirlər. Bəzilərində dəmir çarpayılar düzədilərək Milli Orduya və Sərhəd Qorşunlarına göndərilir. Bundan başqa "buşlat"lar istehsal olunur və Azərbaycanda saxlanılan 15 min məhbusa paylanılır: "Amma bu çox azdır. Demək olar ki, bütün cəzaçəkmə müəssisələrinin hər birində 30-50 məhbus işlə təmin olunur. Amma 1200 nəfərdən 50-sinin işləməsi müsbət hal deyil. Bu problem yaxın zamanlarda həll oluna bilməz. Məhbusların istehsal etdiyi mallar bugünkü bazarın tələbatına cavab vermir. Heç kimin cəzaçəkmə müəssisələrində istehsal olunan malları almadığı halda bu istehsalın davam etdirilməsi də mənasızdır. Bundan başqa, istehsal aparılması üçün istifadə olunan texniki avadanlıqların hamısı köhnəlib. Kiminsə milyonlarla pul müqabilində dəzgah alıb cəzaçəkmə müəssisəsində yerləşdirməsi o qədər də inandırıcı deyil. İmkanı olan onsuz da kənarda bu işləri görür". Cəzaçəkmə müəssisələrində işsizliyin aradan qaldırılması üçün dövlət proqramına ehtiyacın olduğunu diqqətə çatdıran hüquq müdafiəçisi bildirdi ki, bir müəssisədə tikiş, digərində taxta emalı və digər sahələrin açılması zəruridir. Məhbusların işləyən həmkarlarına pis yanaşdığı barədə məlumatlara gəlincə isə həmsöhbətimiz bunu təkzib etdi: "Belə faktlar qətiyyən həqiqətə uyğun deyil. Əksinə, məhbusların hamısı işləmək istəyir. Bunun müsbət tərəfləri var. Məsələn, işləyən məhbusun başı qarışır və o darıxdırıcı həyatdan uzaq olur. Beləliklə də cəza müddətinin zaman-zaman keçməsini hiss etmir. Bundan başqa, müəyyən qədər əməkhaqqı alır, ailəsinə göndərir. Nə sovet dövründə, nə də indi belə hallara rast gəlinməyib". Məhbusların təhsil hüquqlarının qorunması və saxlanma şəraitlərinin necə olması barədə danışan İctimai Komitənin üzvü dedi ki, təhsillə bağlı vəziyyəti müsbət hesab etmək olar. Onun sözlərinə görə, bütün cəzaçəkmə müəssisələrində təhsil problemləri artıq öz həllini tapıb: "Məhbusların təhsil alması məcburi deyil. Əgər məhbus istəmirsə latın əlifbasını, kompüteri öyrənsin, onu heç kim buna məcbur edə bilməz. Saxlanma şəraiti ilə bağlı da penitensiar sahədə islahatlar gedir və bu davamlı olaraq həyata keçirilir. Saxlanma yerləri ilə yanaşı daxili qaydalarla bağlı da çox dəyişikliklər var. Amma bir reallıq var ki, bugünkü cəzaçəkmə müəssisələrinin əksəriyyəti sovet dövründən qalıb. Onlar həmin dövrün tələbatına uyğun olaraq inşa olunan binalardır. Ona görə də saxlanma şəraiti ilə bağlı cəzaçəkmə müəssisəsinin rəhbərliyi və ictimai təşkilatlardan asılı olmayan problemlər mövcuddur. Ölkədə yeni - qarışıq tipli cəzaçəkmə müəssisələri də tikilir. Bu həm də regional xarakter daşıyır. Əvvəllər müxtəlif rejimlərə uyğun olaraq ayrı-ayrı "koloniya"lar var idi. İndi isə bu bir yerdə təşkil olunacaq. Məsələn, Naxçıvanda böyük ərazidə cəzaçəkmə müəssisəsi tikiləcək. Onun bir hissəsində ümumi, bir hissəsində isə ciddi rejimli müəssisələr yerləşəcək. Məhbusların yaxınları üçün də bu rahat olacaq. Yəni onların yüz kilometrlərlə yolu qət etmələrinə ehtiyac qalmayacaq. Ümumiyyətlə, əksər bölgələrdə bu işlər aparılacaq. Beləliklə də həm Bakının yükü azalacaq, həm də vətəndaşların rahatlığı təmin olunacaq".
       
       Qurumun digər üzvü Ə.Nuriyev isə bildirdi ki, İctimai Komitə MDB ölkələri arasında ilk dəfə Azərbaycanda yaradılıb. Onun sözlərinə görə, bu da daha çox Ədliyyə Nazirliyində həyata keçirilən islahatlarla bağlıdır. İslahatlar həyata keçirilərkən ilk növbədə ən çox qapalı olan istiqamətlərdə şəffaflığın artırılması ön plana çəkilir: "Qapalı olan dairələrdən biri də penitensiar sistemdir. Ədliyyə Nazirliyi tərəfindən bu istiqamətdə xeyli iş görülüb. Cəzanın humanistləşdirilməsi ilə yanaşı, məhkumların şəraitinin yaxşılaşdırılması istiqamətində də addımlar atılır. Digər tərəfdən isə prosesin həyata keçirilməsi üçün bura ictimaiyyətin nümayəndələri cəlb olunurlar. İctimai Komitə yaradılarkən bütün vətəndaş cəmiyyəti nümayəndələrinə müraciət olundu ki, bu komitənin fəaliyyətində iştirak etsinlər. Yəni qurumun üzvü olanlar sərbəst şəkildə istənilən cəzaçəkmə müəssisəsinə daxil ola bilərlər. Bu çox mühüm və əhəmiyyətli məqamdır. Kimsə İctimai Komitənin üzvü olmaq istəyirsə öz təkliflərini irəli sürməlidir. İnsan hüquqları sahəsində çalışan bir çox QHT-lər təkliflərlə Ədliyyə Nazirliyinə müraciət etdilər. Prosesin həyata keçirilməsi üçün ayrı-ayrı şəxslərə tapşırıq verilmədi. Bunun üçün Seçim Komitəsi yaradıldı". Onun sözlərinə görə, bu qurum da Ədliyyə Nazirliyi nümayəndələrindən təşkil edilmədi. Bunun böyük əksəriyyəti Azərbaycanda fəaliyyət göstərən ictimai qurumlar, Milli Məclis üzvləri, din xadimləri və bəzi hüquq-mühafizə orqanlarının nümayəndələrindən təşkil olundu. Onlar vətəndaş cəmiyyətinə olunan müraciətlərə baxaraq hər il onlar arasından nümayəndələr seçdilər. İctimai Komitənin səlahiyyət müddəti bir ildir və hər il burada yeniləşmə prosesi baş verir. Üç ildir ki, İctimai Komitə Ədliyyə Nazirliyi yanında fəaliyyət göstərir və bütün cəzaçəkmə müəssisələrinə sərbəst daxil olur. Cəzaçəkmə müəssisələrinə baş çəkmələrdə qurumun minimum 2 üzvü iştirak etməlidir. Yəni hər bir şəxsin ayrılıqda iştirak etmə hüququ yoxdur. Çünki tək bir adam hansısa subeyktivliyə yol verə, kimlərlə əlaqələrə də girə bilər. İctimai Komitənin üzvləri öz təşəbbüsləri ilə yanaşı, həbsxanalardan gələn şikayətlər əsasında da cəzçəkmə müəssisələrinə baş çəkə bilərlər. Qurum fəaliyyətini təkcə başçəkmələrlə yekunlaşdırmır: "Başçəkmələr sadəcə məhkumların yaşadığı şərait, onların ərzaqla təmin olunması, islah, tərbiyə işlərinin aparılması, personalla məhkumlar arasında olan münasbətlər, işgəncə faktlarının olub-olmaması, səhiyyə xidmətinin keyfiyyəti, görüşlər, məhkumların ibadəti, onların yaxın qohumları ilə görüşləri, telefon əlaqələri və digər məsələlərin yoxlanılması xarakteri daşıyır". Ekspert onu da bildirdi ki, hər bir cəzaçəkmə müəssisəsində monitorinq həyata keçirildikdən sonra orada xüsusi anket nümunələri doldurulur. Anket doldurulandan sonra monitoriqdə iştirak edən İctimai Komitənin üzvləri tərəfindən imzalanır, möhürlənir və Ədliyyə Nazirliyinə göndərilir. Ədliyyə Nazirliyində başçəkmələrin nəticələri ciddi müzakirə olunur və orada mövcud olan nöqsaların aradan qaldırılması istiqamətində qərarlar qəbul olunur: "Bu il maraqlı bir məsələnin həyata keçirilməsi istiqamətində də addımlar atıldı. Bir çox hüquqlardan məhrum edilmələrinə baxmayaraq, məhkumların əksər hüquqları cəzaçəkmə müəssisələrində qorunur. Bunlardan biri də hüquqi yardım almaqdır. Ədliyyə naziri Fikrət Məmmədov İctimai Komitə üzvləri ilə görüşdə bildirdi ki, islah prosesində qurumun fəaliyyətini daha da genişləndirmək lazımdır. İslah prosesində isə məhkumlara hüquqi yardım məsələsini genişləndirmək zəruridir. Onun tövsiyəsindən sonra komitə tərəfindən müxtəlif cəzaçəkmə müəssisələrində məhkumlara hüquqi yrdım göstərilməyə başlanıldı". "İctimai Komitənin üzvü olduğum müddətdə 5 cəzaçəkmə müəssisəsində 55 məhkuma müxtəlif məsələlərlə bağlı hüquqi yardım göstərmişəm" deyən hüquq müdafiəçisi diqqətə çatdırdı ki, bunun müsbət tərəflərindən biri də məhkumların nədən narahat olmalarının müəyyənləşdirilməsidir. Onun fikrincə, ilk növbədə məhkumları ailəsinin vəziyyəti, ünvanlı sosial yardımların həyata keçirilməsi, müavinətlər, pensiya hüququ ilə bağlı olan məsələlər narahat edir: "Ümumiyyətlə, bütün sahələrdə məhkumlara hüquqi yardım göstərilir ki, bu da onlarını hüquqlarının realizəsini təmin edir. Bir çox cəzaçəkmə müəssisələrində məşğulluqla bağlı problem olsa da, bu istiqamətdə müəyyən irəliləyişlərə nail olunub. İldən-ilə müxtəlif cəzaçəkmə müəssisələrində iş yerlərinin sayı artır, müəyyən sifarişlər daxil olur. Məhkumlar orada saxlanıldıqları müddətdə azadlığa hazırlanmalıdır. Onların azadlığa çıxması üçün maddi vəsait lazımdır. Məhkumlar işlə təmin olunduqda bu problem öz həllini tapır. Yəni azadlığa çıxan məhkumun maddi imkanları yoxdursa, o yenidən cinayət fəaliyyətinə qoşula bilər". Vərəmə qarşı mübarizə üçün ən müasir avadanlıqların gətirildiyini vurğulayan Ə.Nuriyev diqqətə çatdırdı ki, bir çox sahələrdə penitensiar xidmətdə boş iş yerləri var: "Məsələn, psixoloqların çatışmazlığı problem olaraq qalır. Həmişə elanlar verilir ki, cəzaçəkmə müəssisələrində psixoloq ştatları var. Təəssüf ki, vətəndaşlar burada işləmək üçün tərəddüd edirlər. Digər müsbət məsələ isə yeni həbsxanaların tikilməsi ilə bağlıdır. Hazırda elə cəzaçəkmə müəssisələri var ki, onun yaşı 100-ü də keçir. Amma tam standartlara uyğun şəraitlə təmin olunan həbsxanalar da tikilib istifadəyə verilir. Bir proses də qarışıq cəzaçəkmə müəssisələrinin yaradılması ilə davam edir. Bu rahat şəraitlə yanaşı həm də müasir standartlara cavab verir". Komitə üzvü onu da vurğuladı ki, bu sistemdə çalışan personalın təlimləndirilməsi prosesinə də diqqət yetirilir: "Sovet dövründə buna diqqət yetirilməyib. Hazırda həbsxanada işləyən heyət çox ağır şəraitdə fəaliyyət göstərir. Cinayət törədən şəxslərlə işləməyin xeyli çətin olmasını nəzərə almaq lazımdır". Məhkumların pensiya və müavinətlərinin alınması ilə bağlı da problemlərinin olduğunu önə çəkən Ə.Nuriyev bildirdi ki, bu çatışmazlıqlar da birbaşa penitensiar sistemdən asılı olan məsələ deyil. Hüquqi yardımlarla bağlı digər QHT-lərlə əməkdaşlıq edilib-edilməməsinə gəlincə isə hüquq müdafiəçisi diqqətə çatdırdı ki, ədliyyə nazirinin 2005-ci il 24 aprel əmrində də bu məsələ öz əksini tapıb: "Digər QHT-lər də prosesdə iştirak etmək üçün İctimai Komitəyə müraciət edə bilərlər. Burada hər hansı bir məhdudiyyət yoxdur, əksinə, Ədliyyə Nazirliyi bu məsələdə daha çox maraqlıdır. Ən əsas məsələ olan cəzanın humanistləşməsi bu istiqamətdə faliyyətin mərkəzini təşkil edir. Məhkumların kitab oxumağa daha çox ehtiyacı var. Yaxşı olar ki, ictimaiyyət nümayəndələri də kitabların toplanması və cəzaçəkmə müəssisələrindəki kitabxanalara yerləşdirilməsi üçün bizə kömək etsinlər. Məhbusların dini inanclarının həyata keçirilməsi də təmin olunur. Demək olar ki, hər bir həbsxanada ibadət yerləri var. Burada həmçinin digər dinlərin nümayəndələrinin ibadəti üçün müvafiq yerlər mövcuddur. Din xadimləri də bu məsələ ilə bağlı bizimlə mütəmadi əlaqə saxlayırlar".
       
       
       
       
    Əli Zülfüqaroğlu
    Bu yazı 4345 dəfə oxunmuşdur.
    "Vətəndaşlarımız hüquqlarını yaxşı bilirlər"
    "Hüquqlarımızı bilək" rubrikasının növbəti qonağı Milli Məclisin insan hhüquqları komitəsinin sədri, millət vəkili Rəbiyyət Aslanovadır. Onunla Azərbaycanda insan hüquqlarının vəziyyəti, vətəndaşlarımızın hüquqi bilgilərinin artırılması, maarifləndirmə işləri və bu kimi məsələlər ətrafında söhbətləşdik.
       
       
       
       - İnsan haqları üzrə milli fəaliyyət planının qəbulu böyük bir fəaliyyəti əhatələyən dövrün yekunu və yenisinin inkişaf perspektivlərini müəyyən etdi. 1995-ci ildə konstitusiyanın qəbul edildiyi gündən başlayaraq Azərbaycan milli qanunvericiliyinin inkişafında, insan hüquqlarının qorunması sahəsində mühüm işlər görülüb. Bütün bu illər ərzində qəbul edilən qanunlar nəticəsində ayrı-ayrı demokratik təsisatların, institutların yaranması Azərbaycanın insan hüquqları üzrə çox mühüm addımlar oldu. 1998-ci ildə insan hüquqlarının qorunması ilə bağlı ümummilli lider Heydər Əliyevin imzaladığı fərman bu məsələdə yeni mərhələnin başlanmasından xəbər verirdi. 1998 - 2006-cı illər arasında Azərbaycanda çox mühüm qərarlar qəbul olunub. 2001-ci ildə Ombudsman Aparatının yaranması, məhkəmə-hüquq islahatlarının gerçəkləşməsi, cəmiyyətdə demokratik prinsiplərin formalaşması insan hüquqları sahəsində qlobal işlər idi. Azərbaycan üçün bu illərdə dünyada əldə olunmuş bütün uğurlardan bəhrələnmək əsas idi. 2001-ci ildə Avropa konvensiyasını ratifikasiya etməklə Azərbaycan üzərinə böyük öhdəliklər götürdü. Azərbaycan beynəlxalq aləmdə mövcud olan bütün sənədləri imzalamış bir dövlətdir. İstər 1948-ci ildə qəbul olunmuş insan hüquqları bəyannaməsi, istərsə də 1966-cı ildə qəbul olunmuş mülki və təbii hüquqlar haqqında pakt, Avropa konvensiyasını imzalamaqla yanaşı, biz milli qanunvericiliyimizdə də bunlarla bağlı interpretasiya aparmışıq. Azərbaycan bu sənədlərdə olan müddəaların gerçəkləşməsi üçün bütün işləri görüb. Konstitusiyamızdakı insan haqları ilə bağlı maddələrin böyük bir hissəsi də məhz həmin müddəaların gerçəkləşdirilməsinə xidmət edir. 2006-cı ildə yeni bir dövr başlandı. Yəni Azərbaycan qanunvericiliyinə aid bütün sənədlər bu mərhələnin başlanmasından xəbər verirdi. Dövlət başçısı tərəfindən imzalanmış MFP qarşıda duran məsələlərə aydınlıq gətirdi. Söhbət ondan gedir ki, Azərbaycan bu gün demokratik, hüquqi, dünyəvi dövlət statusuna aid olan bütün müsbət keyfiyyətlərin və tələblərin hər birini gerçəkləşdirmiş bir ölkədir. Azərbaycan insan hüquq və azadlıqlarının tam təmin olunduğu bir ölkədir. Dövlətin ali məqsədi Azərbaycan vətəndaşlarının hüquq və mənafelərinin hər şeydən üstün tutması, sosial müdafiəsinin təminidir. 2009-cu ilin mart referendumunda konstitusiyanın 12-ci maddəsinə edilən dəyişiklikdə də bu əksini tapıb. Vətəndaşın öz məmləkətində gözəl varlığını təmin etmək arzusunda olan və bunu ali məqsədi sayan ölkə əsl demokratik və hüquqi dövlətdir. Bu səbəbdən də bütün bu illərdə görülən işlər çox yüksək qiymətləndirilir. Ancaq demokratiya sonu görünməyən bir yoldur. Azərbaycan dövləti bu yolda baş verə biləcək hər hansı dəyişikliklərə hazırdır. İnsan hüquqları sərhəd tanımayan bir məfhumdur. Məhz dünya səviyyəsində bu məfhumla bağlı uğurla nəticələnən dəyişikliklərdən bəhrələnmək arzusunda olan, bunu reallaşdıran bir dövlətik.
       
       - Siz insan hüquqları ilə bağlı məsələlərlə əlaqədar daim vətəndaşlarla ünsiyyətdə olursunuz. Bu gün vətəndaşlarımızın öz hüquqlarını bilmə səviyyəsi sizi qane edirmi?
       
       
    - İnsan öz hüququnu bildikdə onu müdafiə etmək çox asanlaşır. Nə qədər ki insan öz hüququnu bilmir, buna biganə yanaşır, onu qorumaq arzusunda və ya iqtidarında deyil, bu hüquqlar kağız üzərində bir fakt, həqiqət olaraq qalacaq. Cəmiyyətin daxilində öz hüquqlarını bilən və Azərbaycan dövlətinin qanunları əsasında onları qorumağı bacaran insanlar var. Bunların hüquqlarını pozmaq və ya məhdudlaşdırmaq qeyri-mümkündür. Çünki onlar bilirlər ki, hüquqları dövlət tərəfindən qanunlarla qorunur. Öz hüquqlarının müdafiəsində də məhz bunu əsas tuturlar. İkinci qrupa hüquqlarını bilən, lakin onları qorumağı bacarmayan insanlar aiddir. Cəmiyyətdə hüquqlarını bilməyən, bunu öyrənməyə, qorumağa səy göstərməyərək biganə münasibət bəsləyən insanlara da rast gəlinir. Bütün bu illərdə gəldiyim qənaət bundan ibarətdir ki, bu gün Azərbaycan vətəndaşı hüququ gözəl bilən və onları gerçəkləşdirmək iqtidarında olan, onun hüquqlarının keşiyində duran qanunların əsl dəyər və mahiyyətini gözəl bilən insanlardır. Baş verən bu dəyişikliklər ilk növbədə bu cür insanlarımızın formalaşmasına, vətəndaşlarımızın özünün dəyişməsinə gətirib çıxarıb. Biz bu gün iqtisadi -sosial islahatlardan danışırıq. Ancaq bu islahatların mərkəzində bir vətəndaş dayanır. Vətəndaş, sözsüz ki, bütün bu qanunların mahiyyətini məzmununu dərk etdikdən sonra tamamilə dəyişir. 16 il əvvəlki insanlarımızla indiki vətəndaşlarımız arasında, onların qanunlara münasibətində əhəmiyyətli dərəcədə fərq var. Bu gün Azərbaycan vətəndaşı Milli Məclisdə qəbul edilən qanunların mahiyyətini çox gözəl bilir. Söhbət ondan gedir ki, maarifləndirmə işlərimizdəki obyekt artıq dəyişib. Vaxtilə Milli Məclisdə qəbul edilən qanunların maddəsindən xəbərdar olmayan insanlar bu gün bunda çox maraqlıdırlar. Bu, aparılan böyük maarifləndirmə işlərinin nəticəsidir. Qanunların insanlara çatdırılması, onların işlənmə mexanizmi, buna nəzarət gücləndirildi. Bu gün Azərbaycan vətəndaşı tək ölkəsinin qanununu bilməklə yanaşı, həm də onu digər dövlətlərin müvafiq qanunları ilə müqayisə etmək iqtidarında olan bir insandır. Hətta biz ayrı-ayrı insanlar, QHT-lər tərəfindən hansısa qanunun qəbulunun vacibliyi ilə bağlı təkliflər eşidirik. Bu bizi çox sevindirir. Mənim qəbuluma gələn insanlarla söhbətlər zamanı onların hər şeyə münasibətinin dəyişdiyinin şahidi oluruq. Əvvəllər yanıma gələn insanlar müxtəlif sosial - işıq, qaz, su və s. problemlərlə bağlı şikayət edirdilər. Lakin bu gün həmin insanlar hansısa qanunda olan boşluqdan şikayət edir. Yaxud bu qanunun işləyib-işləməməsi, hansısa sahə ilə bağlı daha yaxşı qanunun qəbuluna ehtiyacın duyulduğunu qaldıran insanlardır. Bu artıq tamamilə başqa bir obrazdır.
       
       - MFP-də qaçqın və məcburi köçkünlərimizin hüquqlarının müdafiəsi ilə bağlı ayrıca bənd mövcuddur...
       
       
    - Bu olduqca böyük bir məsələdir. Bu gün dünyanın ən aparıcı təşkilatları öz toplantılarında bu məsələni müzakirə etsələr də, yenə də yekun bir nəticəyə gəlmirlər. Qaçqın və məcburi köçkün problemi "dondurulmuş münaqişələr" olan əksər dövlətlərdə mövcuddur. Bu ifadənin özü kifayət qədər ağrılıdır. Əslində, bu münaqişələr dondurulmuş deyil. Əgər bu münaqişələr mövcuddursa, onun olduqca çox ağrısı və odu var. Bizi ən çox narahat edən məsələ 20 faiz torpaqlarımızın işğal olunması nəticəsində bir milyondan artıq insanlarımızın doğma torpaqlarından didərgin düşməsi və onların pozulmuş hüquqlarının hələ də bərpa olunmamasıdır. Biz istərdik beynəlxalq təşkilatlar bu məsələdə daha diqqətli və fəal mövqe nümayiş etdirsinlər. Təəssüf ki, bu yoxdur. Qaçqınlarla bağlı Azərbaycana gələn ayrı-ayrı təşkilatların nümayəndələrinin hamısı bu problemin ədalətli həlli üçün əllərindən gələni edəcəklərini söyləsələr də, qayıtdıqdan sonra yenə də problem həll edilməmiş qalır. Dövlət başçısının apardığı balanslaşdırılmış və uğurlu siyasət nəticəsində Azərbaycandakı qaçqın və məcburi köçkünlər problemi bütün beynəlxalq təşkilatların gündəmindədir. Ən əsası odur ki dövlət başçısının xüsusi qayğısı nəticəsində çadır şəhərcikləri ləğv olunub. Qaçqınların bu problemini dövlət özü həll etdi. Amma əsas məsələ - onların öz doğma yurdlarına qayıtması və bu hüquqlarının bərpasıdır. Biz əminik ki, dövlət başçımızın qətiyyəti və iradəsi nəticəsində bu problem həllini tapacaq. Beynəlxalq hüquq normaları əsasında ərazi bütövlüyümüz bərpa olunacaq. Çox yaxın zamanlarda "qaçqın və məcburi köçkün" ifadəsi dilimizdən qaçqın düşəcək. Biz buna inanırıq. Çünki hər bir qaçqın həyatı sürən insanlarımızda da aparılan siyasətin uğurla nəticələnəcəyinə qəti əminlik var.
       
       - Bu gün Avropa Şurası, ATƏT kimi insan hüquqları ilə ciddi məşğul olan təşkilatların Azərbaycanda nümayəndəlikləri fəaliyyət göstərir. Ancaq nədənsə onlar qaçqın və məcburi köçkünlərimizin hüquqlarının bərpası məsələsinin onlara aid olmadığını söyləyirlər. Sizcə, səbəb nədir?
       
       
    - ATƏT-in açması Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatıdır. Təhlükəsizlik o zaman yaranar ki, dövlətlərin ərazi bütövlüyünə hörmət olsun. Əməkdaşlıq isə quruma üzv dövlətlərin bir-biri ilə beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində ünsiyyət qurması zamanı ola bilər. 56 dövlətin üzvü olduğu bu böyük təşkilat daxilində buna hələ də nail olmaq mümkün deyil. Yəni bu gün ora daxil olan dövlətlərdə bu problem yaşanır. Azərbaycanda da təhlükəsizliyin qorunması üçün bu qurum üzərinə böyük öhdəliklər götürür. Təəssüf ki, qurumun Bakıdakı nümayəndəliyi qeyd etdiyiniz məsələlərlə bir o qədər də yaxından maraqlanmır. Azərbaycanın ATƏT Parlament Assambleyasındakı nümayəndə heyətinin üzvüyəm. Hər dəfə ora gedəndə bu problemi qaldırır və konkret addımlar atılmasını tələb edirik. ATƏT-in Minsk Qrupunun fəaliyyətindən də hər bir azərbaycanlının narazılığı var. Çünki bu qurumun fəaliyyətində uzun illərdir heç bir irəliləyiş yoxdur. ATƏT-in Qarabağ üzrə məruzəçisi Qoran Lenmarkerin də bölgəyə səfərlərinin heç bir nəticəsi yoxdur. Bu zamanın uzadılması, status-kvonun dəyişilməməsi hər birimizi narahat edən məsələdir. İlk növbədə bizimçün ən vacibi həmin qaçqın və məcburi köçkünlərin gələcək taleyidir. Beynəlxalq qurumlar etiraf etməlidirlər ki, bu problemləri həll etmək iqtidarında deyillər. Bu isə onların varlığına son qoyan bir nöqtə olacaq. Əgər bu təşkilat əhatələdiyi bölgədə təhlükəsizlik və əməkdaşlığı təmin edə bilmirsə, bu onun sonu olmalıdır. Ən əsası odur ki bəzən bu təşkilat Ermənistanı işğalçı kimi qəbul etmək istəmir. İşğalçı və bu işğala məruz qalan hər iki dövlət bu qurumun üzvüdür. Təhlükəsizliyin başlıca təmini üçünsə bu işğala son qoymaq lazımdır. Qaçqın və məcburi köçkünlərin hüquqlarının bərpasına çalışmaq gərəkdir. Lakin onlar bunu etmirlər. Məsələ tək ATƏT-lə yekunlaşmır. Əgər bu gün BMT qəbul etdiyi qətnamələrin yerinə yetirilməsi üçün məsuliyyət hissi daşımırsa, artıq beynəlxalq təşkitlatların özünün varlığı təhlükə altındadır. Bu məsələdə acizliyin nümayişi bəzi hallarda böyük təşkilatlara inamı da azaldır. Biz istərdik beynəlxalq təşkilatlar üzərlərinə düşən öhdəliyi yerinə yetirsin və təsir dairəsində olduğu məkanı qorumaq iqtidarında olsunlar. Bu yaxınlarda ATƏT-in toplantılarında yeni ölkələri gördük. Bu təşkilat sərhədlərini genişləndirmək istəyir. Lakin sual yaranır ki, hələ indiki əhatələdiyin ərazidə təhlükəsizliyi təmin edə bilmirsənsə, qaçqın və məcburi köçkünlərin pozulmuş hüquqlarının bərpasını təmin etməyi bacarmırsansa, yeni üzvlərin problemlərini necə həll edəcəksən. Bizim hər il yay və qış sessiyalarıvnda eşitdiyimiz hesabatlar, təəssüf ki, bir-birini təkrarlamaqdan başqa bir şey deyil.
       
       - Məlum sənəddə insan hüquqları ilə məşğul olan qeyri-hökumət təşkilatlarıyla sıx əlaqələrin qurulması barədə də müvafiq tapşırıqlar verilir. Ümumiyyətlə, bu gün Azərbaycanda bu sahədə çalışan QHT-lərin indiki fəaliyyətini əvvəlki illərdəkindən nəylə fərqləndirərdiniz, onların fəaliyyətindən razısınızmı?
       
       
    - Azərbaycanda vətəndaş cəmiyyətinin formalaşmasında qeyri-hökumət təşkilatlarının çox böyük rolu var. Bu gün dünyada 3-cü sektorun fəaliyyəti göz qarşısındadır. Çox sevindirici haldır ki, Azərbaycanda hazırda QHT-lər fəaliyyət göstərir və onları dəstəkləyən bir şuramız var. Bu onu göstərir ki, biz həqiqətən də ölkədə sivil vətəndaş cəmiyyətinin formalaşdırılmasına doğru irəliləyirik. Azərbaycanda 3 mindən artıq QHT var. Onların bir çoxu insan huquqları sahəsində işləyir. Əksəriyyəti 15 il ərzində formalaşıb. Bəlkə də əvvəllər onların fəaliyyəti o qədər geniş deyildi. Bir məqsəd aydınlığı yox idi. Lakin bu gün insan haqları ilə bağlı konkret bölgü var. Hər bir QHT uşaq, qadın hüquqları və s. istiqamətlərdə fəaliyyət göstərir. Bu gün cəmiyyətdə özünü təsdiq edən və bunun əksi olan QHT-lər də var. Mən Azərbaycanda insan hüquqlarının qorunması sahəsində fəaliyyət göstərən bu təşkilatların işlərini müsbət qiymətləndirirəm. Bu sıraya milli maraq və mənafeləri hər şeydən üstün tutan, milli ünsiyyət şüuru olan, Azərbaycanın nüfuzunun, imicinin beynəlxalq səviyyədə qorunmasına xidmət göstərən QHT-lər aiddir. Təəssüf ki, bəzi QHT-lər üçün sadaladığım yüksək ali keyfiyyətlər xarakterik deyil. Elə təşkilatlarımız var ki, Azərbaycanın imicinə xələl gətirən, qeyri-obyektiv mövqe nümayiş etdirərək ölkəmiz haqqında yalan, qeyri-obyektiv məlumatları dünyanın müxtəlif QHT-lərinə göndəririlər. Bəzən "Human Ritsh Vatsh", "Freedoom House" və bu kimi beynəlxalq təşkilatların hesabatlarından Azərbaycan dövlətinə qarşı təzyiq vasitəsi kimi istifadə etməyə çalışırlar. Lakin bu heç də belə deyil. Bu təşkilatlar Sovetlər dönəmində də fəaliyyət göstərirdi. Məhz bu təşkilatların hesabatlarından həmin vaxtlarda da Sovetlər İttifaqına qarşı təzyiq vasitəsi kimi istifadə edirdilər. Əslində, onlar qeyri-obyektiv təşkilatlardır. Mən hesab edirəm onların ölkəmizlə bağlı hansısa çıxışı və ya bəyanatı bizimçün əsas ola bilməz. Azərbaycan hökuməti bunu çox yaxşı anlayır. Lakin mən Azərbaycandakı QHT-lərlə onları eyniləşdirmək istəməzdim. Bizim QHT-lər qeyri-siyasi təşkilatlardır. Onlar ölkəmizdə baş verən prosesləri çox gözəl bilirlər. Ən ali məqsədləri vətəndaşlarımızın, dövlətimizin rifahlı sabahı naminə fəaliyyət göstərməkdir. Ona görə də bu təşkilatların fəaliyyətini çox yüksək qiymətləndirirəm. Hesab edirəm bunların sayı nə qədər çox olsa, vətəndaşların cəmiyyətdə gedən proseslərə cəlbi bir o qədər yaxşı olar.
       
       - Sizin komitənin bu təşkilatlarla əlaqəsi var?
       
       
    - Bizim çox yaxşı münasibətlərimiz mövcuddur. Hər hansı qanun layihəsinin müzakirəsində onlarla sıx əməkdaşlıq edirik. Biz QHT-lərin intellektual potensialından həmişə yararlanmışıq. İşçi qrupların formalaşmasında bundan sonra da onlardan istifadə edəcəyik.
       
       - MFP-də KİV-lərin də insan hüquqlarının qorunması sahəsində yaxından iştirakı nəzərdə tutulur. Bu gün medianın bu məsələyə diqqət ayırması, onda iştirak səviyyəsindən razısınız?
       
       
    - Qətiyyən razı deyiləm. Bunu çox mənfi qiymətləndirirəm. Çünki bu gün KİV-lərin təsir vasitələrindən, onların cəmiyyətdə rolundan çox danışılır. Ancaq KİV-lərin öz üzərinə düşən məsuliyyəti və öhdəliklərini necə yerinə yetirdiyinə baxılmalıdır. Bu təsir vasitəsi ilk növbədə bir ali məqsədi qarşısına qoymalıdır. Bunun bir strateji, bir də taktiki kommunikasiyası var. Birinciyə əsasən KİV-lər nəyi, necə və harada deməyi gözəl bilməlidir. Yəni dövlətin qarşısında dayanan böyük problemlərin ictimaiyyətə hansı qaydada çatdırılmasını gözəl anlamalısan. Bunun üçünsə ilk növbədə həmin problemin özünü ətraflı şəkildə bilməlisən. Jurnalist ölkədə baş verən siyasi, iqtisadi, sosial və mədəni proseslərin hamısından yaxşı xəbərdar olmalıdır. Prosesin inkişaf xəttini görmək də jurnalistin borcudur. Bu gün jurnalistikamızda mövzu qıtlığı və peşəkarlıq çatışmır. Ona görə də mediamızın beynəlxalq jurnalistika ilə rəqabət səviyyəsi çox aşağıdır. Yazılar da adi məişət səviyyəsindən yuxarı qalxa bilmir. Çox istərdim mətbuatımızda analitik, təhlil dolu yazılara rast gəlinsin. Həmin yazılar Azərbaycan vətəndaşının düşüncə tərzini formalaşdırsın. Mentalitet köhnədən qalmış və bu gün bizə çatmış bir şey deyil. Mentalitet gündə formalaşan bir şeydir. O, düşüncə tərzidir. Bu düşüncə tərzinin əsası var. Jurnalist mənimçün gözəl obrazlar təqdim etməlidir. Xüsusilə insan haqları sahəsində elə maarifləndirici işlər görülməlidir ki, insanların bilgisi artsın. Qəbul olunmuş qanunlar tam təfsilatı ilə cəmiyyətə çatdırılsın. Azərbaycanın beynəlxalq sahədəki uğurları yazılsın. Yəni elə qanunlarımız var ki, onu demokratiyanın aparıcı dövlətləri hələ də qəbul etməyiblər; məsələn, qadın zorakılığına qarşı konvensiyanı Azərbaycan çoxdan imzalasa da, ABŞ ona hələ də imza atmayıb.
       
       - Layihə çərçivəsində bölgələrə səfərlər zamanı çox maraqlı faktlarla qarşılaşırıq; məsələn, Yardımlıda olarkən bu rayonun təhsil şöbəsinin müdiri bildirdi ki, bu il 15 qız orta məktəbi bitirmədən ərə gedib...
       
       
    - Yardımlı rayonunun təhsil şöbəsinin müdiri hara baxırdı? Çox inanıram ki, bu qızların əksəriyyətinin toyunda elə təhsil şöbəsinin müdiri də özü iştirak edib. Rayon yeridi. Orada toya bütün tanınmış insanları çağırırlar. Bəs rayonun icitimaiyyəti, Ağsaqqallar Şurası hara baxırdı? Bu gün belə faktlar varsa, onun məsuliyyəti icra başçısından tutmuş təhsil şöbəsinin müdiri, müəlliminə qədər hamının üzərinə düşür. Bu qız qeyri-qanuni olaraq nikaha girir. Deməli, hüquq-mühafizə orqanlarının da üzərinə məsuliyət düşür. Bu qız ərə gedirsə, çox güman ki, molla kəbini ilə nikaha daxil olur. Məsuliyyət rayonun dini rəhbərinin də üzərinə düşür. Bu barədə şeyxülislamla söhbətimiz zamanı dedi ki, bu addımı atan din xadimləri cəzalandırılmalıdır. Əgər dövlətin qanunlarına qarşı çıxaraq belə bir qərar qəbul edib kəbin kəsirsə, onun din xadimi olmağa haqqı yoxdur. Məsələni çox kəskin qoymaq lazımdır. Mən də bu cür faktlarla rastlaşıram. Təhsildən yayınan qız ailə qurduqdan sonra onun sonrakı həyatı ilə bağlı çoxsaylı hüquq pozuntuları üzə çıxa bilər. Ona görə də məndən ötrü prinsip bir kənara qoyularaq ictimaiyyət arasında ciddi maarifləndirmə işləri aparılmalıdır. Əgər bu cür faktlarla bağlı ciddi cəza tədbirləri görülməyəcəksə, sözsüz ki, onların sayı artacaq.
       
       - MFP-də milli azlıqların mədəni irsinin qorunması barədə də xüsusi bəndlər var...
       
       
    - Bu gün Azərbaycanda müxtəlif xalqlar yaşayır. Ancaq dilindən, irqindən, dinindən asılı olmayaraq ölkəmizdə çox gözəl intellektual mədəni mühit formalaşıb. Bu gün Azərbaycanda "milli azlıq və ya çoxluq" ifadəsi yoxdur. Biz azərbaycançılıq ideyası ilə yaşayan insanlarıq. Mən milliyyətcə avaram. Milli azlığın nümay. Ona görə də "milli azlıq" ifadəsini qəbul etmirəm. Ulu öndərimiz də deyirdi ki, "azlıq - çoxluq" sözü yoxdur. Bu, Azərbaycanın vətəndaşıdır. Onun qanunlarından digərləri kimi tamhüquqlu şəkildə istifadə edir. Mənim vətənim Azərbaycandır, özümü də azərbaycanlı hiss edirəm. Dilimin, mədəniyyətimin qorunması ilə bağlı Azərbaycanda bütün işlər görülür. Digər xalqların mədəni irsinin qorunmasının şahidi olmaq üçün Balakənə getmək kifayətdir. 20-dən artıq xalqın nümayəndələrinin həmrəy şəkildə birgə yaşadığı çələng bəlkə də dünyaya təqdim oluna biləcək ən gözəl modeldir.
       
       
    Azad Əliyev
    Bu yazı 4368 dəfə oxunmuşdur.
    Arxiv
    "İnsan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planı uğurla həyata keçirilir"
    "Vətəndaşlarımız hüquqlarını yaxşı bilirlər"
    Ədliyyə Nazirliyi fəaliyyətini MFP-nin tələblərinə uyğunlaşdırıb
    Cəzaçəkmə müəssisələrində vəziyyət necədir?
    Həftə içi qəzetinin "İnsan hüquq və azadlıqlarının müdafiəsi üzrə "Milli Fəaliyyət Planı"nın icrasında KİV-lərin rolunun artırılması" Layihəsi



    "Ürəyimdə demədiyim söz qalmayıb"

    "Mediaforum"un "Azərbaycan" qəzetinin baş redaktoru, millət vəkili Bəxtiyar Sadıqovla müsahibəsi. - İyulun 22-də Azərbaycan Yurnalistikası gününü qeyd etdik. Bu tarixlə bağlı ürəyinizdən nə keçdi, nə düşündünüz? Sözsüz ki, maddi-texniki təchizatdan da əvvəl mətbuata azadlıq lazımdır. Bu


    2009-01-06 "Azərbaycanla Rusiyanın arasını vurmaq istəyənlər var" (3571)

    2009-01-06 "Türkiyə Ermənistanla əməkdaşlığa məcburdur" (3463)

    2009-01-07 "Konstitusiyaya dəyişiklik zəruridir" (3410)

    2009-01-08 Nic kəndinin yasağı qüvvədədir (3404)

    2009-01-07 "Azərbaycan Avropa Şurasında nümunə göstərilir" (3265)

    Bəli
    Xeyr
    Copyright 2002-2009 Həftə içi
    Azərbaycan, Bakı şəhəri, Badamdar şosesi - 34.
    Tel.: Baş redaktor 418-38-45, ümumi şöbə 502-58-15 Fax: 502-58-17