Nizami Cəfərov: "Bu, yerli xalqların dillərinin inkişafının
qarşısını almayacaq"

Keçən həftə Azərbaycanın dilçi alimləri arasında yenidən ortaq türk dilinin seçilməsi ilə bağlı fikir ayrılıqları özünü büruzə verdi. Bir çoxları ortaq ünsiyyət vasitəsinin Türkiyə türkcəsi olmasını istəsələr də, başqaları Azərbaycan dilinin seçilməsinin vacibliyini önə çəkdilər.
Hər iki tərəf də öz fikirlərini əsaslandırmağa çalışdı. Bu məsələ ilə bağlı "Həftə içi"nin suallarını millət vəkili, filologiya elmləri doktoru Nizami Cəfərov cavablandırır:
- Bu gün uyğurları, cənubi azərbaycanlıları, Türkiyə türklərini çıxmaq şərtilə ortaq dil funksiyasını rus dili yerinə yetirir. Lakin biz rus dilinin də nüfuzunun tədricən aşağı düşdüyünü görürük. Ona görə də milli hissimiz bizi ortaq dil kimi öz xalqlarımızdan birinin dilini seçməyə vadar edir. Ancaq biz rus dilindən də birdəfəlik imtina edə bilmərik. Buna baxmayaraq, ikinci bir dil kimi Türkiyə türkcəsini götürürük. Çünki türk dilləri içərisində Türkiyə türkcəsi ən çox inkişaf edənidir. Vaxtilə böyük imperiyaların dövlət dili olub. Bu gün də türk dövlətlərinin əlaqələri kifayət qədər siyasi mahiyyət daşıyır. Dövlət dili olmuş türk dili ortaqlıq funksiyasını yerinə yetirə bilər. Digər tərəfdən, dünyada türk xalqları arasında ən çox yayılanı da Türkiyə türkləridir. Bu da istər-istəməz öz rolunu oynayır. Türkiyə dövləti də türk cümhuriyyətləri arasında ən çox inkişaf etmişidir. Bütün bu şərtlər ortaq dil məsələsində Türkiyə türkcəsinə üstünlük verməyi tələb edir. Bunun bir üstünlüyü də Türkiyə türkcəsinin türk xalqları arasında geniş yayılmasıdır. Artıq 15 ildir bu proses kifayət qədər sürətlə gedir. Belə ki, türk xalqlarının yaşadıqları bütün ərazilərdə türk məktəbləri var. Türkiyə televiziyaları fəaliyyət göstərir. Türkiyə iş adamlarının da fəaliyyət sferası kifayət qədər genişdir. Türkiyə türklərinin sayı dünyada 100 milyondan artıqdır. Həmçinin dünyada yaşayan 50 milyon azərbaycanlı, 30-40 milyon uyğur da bu dili yaxşı anlayır.
- Nə üçün ortaq dil yaradılmamalıdır?
- Təbii ki, nəzəri baxımdan türk dillərinin hamısını ümumiləşdirən bir dilin olması daha yaxşıdır. Hazırda belə bir dil yoxdur. Özbəkistan Elmlər Akademiyasının əməkdaşları artıq neçə illərdir bununla bağlı bir layihə üzərində işləyirlər. Layihəyə görə hətta ən az əhali ilə təmsil olunan türk dillərindən həm leksik, həm də qrammatik materiallar götürülərək ortaq süni türkcə yaradılıb. Leksik lüğət də hazırladılar. Ancaq təcrübə göstərir ki, süni yaradılmış dili təbliğ etmək, yaşatmaq mümkün deyil.
- Ortaq dilin Türkiyə türkcəsi seçilməsi yerli xalqların dillərini sıxışdırmayacaq?
- Burada assimilyasiyadan söhbət gedə bilməz. Çünki tarix göstərir ki, dillər heç vaxt bir-biri ilə birləşmir. Yaranmış dillər, ləhcələr getdikcə daha da müstəqilləşirlər. Özümüz neçə 100 illərdir Azərbaycan ədəbi dilində yazıb-oxuyuruq. Amma Azərbaycanın bölgələrindəki şivələr, dialektlər aradan qalxmayıb. Dillərin özünün inkişaf qanunauyğunluqları var. Burada söhbət ancaq ortaq ünsiyyət dilindən gedir. Yəni Azərbaycandan Türkiyəyə göndərilən rəsmi məktub ya ingilis, ya da türk dilində, Orta Asiya dövlətlərinə göndərilənlər isə rus dilində yazılır. Bunun əvəzində isə məktublar Türkiyə türkcəsində göndərilə bilər. Bu xalqların qarşılıqlı əlaqəsində Türkiyə türkcəsi müəyyən rol oynamalıdır. Bu proses artıq başlayıb. Biz Orta Asiyadan olan elm adamları ilə elmi konfranslarda və s. tədbirlərdə adətən Türkiyə türkcəsində danışırıq. Təbii ki, yerli dillərə Türkiyə türkcəsinin müəyyən təsiri olacaq. Ancaq bu təsir heç də dağıdıcı mahiyyət daşımayacaq. Əksinə, Türkiyə türkcəsi ortaq dil kimi istifadə edildikcə özü zənginləşəcək. Bu gün Türkiyənin özündə də bəzi sözlərin digər türk xalqlarının dillərindəki ifadələrə uyğunlaşdırılması məsələsi qaldırılır. Məsələn, "anaxtar" sözünün "açar"la əvəz edilməsi istənilir.
- Siz özünüz də həmişə vurğulayırsınız ki, Azərbaycan bütün türk dünyasının mərkəzidir. Özümüz də oğuz dil qrupuna aidik. Onda niyə ortaq dil kimi Azərbaycan dili götürülməsin?
- Sadəcə, Türkiyə türkcəsinin arxasında duran imkanlar genişdir. Azərbaycan ikinci gəlir. Lakin Azərbaycan dilinin bu cür inkişafı olmasaydı, Türkiyə türkcəsinin ortaqlığından söhbət gedə bilməzdi. Yəni bu məsələdə ikinci ən böyük təsir amili Azərbaycan dilidir. Biz vətənpərvərlik edib ortaq dilin Azərbaycan dili olmasını istəyə bilərik. Belə iddialar da var. Ancaq bununla yanaşı, gerçəklik də mövcuddur. O reallığı biz başa düşüb qəbul etməsək, özbəklər, qırğızlar, qazaxlar heç anlamayacaqlar. Lakin dil xadimlərinin bu təşəbbüsləri Türkiyə türklərində özündənrazılıq yaratmamalıdır. Əgər sabah türkiyəli elm, mədəniyyət, siyasət adamları bizim "güzəştə getməyimiz"dən yararlanıb hər hansı "böyük qardaş" iddiasına düşsələr, onda nəinki ortaq ünsiyyət vasitəsi yaranacaq, heç bu xalqların əlaqələri də normal səviyyədə qurulmayacaq. Qarşı tərəfdən hansı güzəştlər ola bilər? İstəyirik Türkiyə türkcəsinin ortaq ünsiyyət vasitəsi olması üçün mütləq onların əlifbasına "ə" hərfi salınsın. Əgər bu qəbul olunmasa, qardaşlar arasında lazımi ünsiyyət alınmaya bilər. Alınsa da, bu, çox çətin baş verəcək.