
"İyulun ortalarında Moskvada Azərbaycan və Ermənistan prezidentlərinin qeyri-formal görüşü keçiriləcək" - bu fikirləri dünən keçirdiyi mətbuat konfransında Rusiyanın Bakıdakı səfiri Vladimir Doroxin səsləndirdi.
Onun sözlərinə görə, hər iki ölkə prezidentlərinin Moskvaya formal səfəri at yarışları ilə bağlı Rusiyada keçirilən "Prezident kuboku"nda iştirakla bağlıdır. Diplomat vurğuladı ki, hazırda Minsk Qrupu həmsədrləri bu görüşə hazırlıqla məşğuldurlar. V.Doroxin Rusiya prezidenti Dmitri Medvedyevin Bakıya səfəri ilə bağlı bütün proqramda iştirak etdiyini söylədi: "Lakin mən Medvedyev, Əliyev və Peresin üçtərəfli görüşü ilə bağlı hansısa məlumata malik deyiləm".
Diplomat Medvedyevin Bakıya səfərinin əhəmiyyətinə də toxundu. Dedi ki, bu səfər Rusiya ilə Azərbaycan arasında strateji tərəfdaşlığın formal mahiyyət daşımadığını, qarşılıqlı fəaliyyətin həqiqi mahiyyətini bir daha göstərdi: "Bunlar tək söz yox, həm də iki ölkə əhalisinin konkret maraqlarını təmin etməyə istiqamətlənmiş işdir. Rusiya prezidentinin Azərbaycan səfərinin ən başlıca nəticəsi dövlətlər üçün əhəmiyyətli olan və münasibətlərin tərəfdaşlıq, mehriban qonşuluq prinsiplərinə uyğun davam etdirilməsinə imkan verən bir sıra prinsipial məsələlər üzrə razılığa gəlinməsidir".
Diplomat iki ölkə arasında müəyyən problemlər yaradan məsələlərə də aydınlıq gətirdi. Bildirdi ki, Azərbaycana məxsus, lakin əhalisinin əksəriyyəti Rusiya vətəndaşı olan Xraxoba və Uryanoba kəndləri ilə bağlı vəziyyət heç bir problem yaratmır: "Bu vəziyyət yeni geosiyasi reallıqlar əsasında yaranıb. Bunda heç kim günahkar deyil". Diplomat onu da dedi ki, səfər çərçivəsində tərəflər həmçinin sərhəddə yerləşən Samur çayının suyundan birgə istifadə ilə bağlı prinsipial razılıq da əldə ediblər: "Problem ondadır ki, Samur çayında çoxdan subölüşdürücü fəaliyyət göstərir. O, Azərbaycanın nəzarətindədir. Məhz Azərbaycan kimə nə qədər su verilməsini müəyyənləşdirir. İndi isə Bakı Rusiya və Azərbaycanın maraqlarını nəzərə alaraq bu qurğunun birgə istifadəsinə baxmağa hazırdır". Yeni suayrıcıların tikintisinə gəldikdə isə diplomat Samurun sərhəd çayı olduğunu xatırladaraq bu cür çayların istiqamətinin birtərəfli şəkildə dəyişdirilməsinin beynəlxalq hüquqa zidd olduğunu söylədi. Diplomat Samur çayı üzərində yeni körpünün tikintisi məsələsinin də məlum sənəddə əksini tapdığını, bunun Rusiya - Azərbaycan münasibətlərinə müsbət təsir göstərəcəyini bildirdi. Onun sözlərinə görə, hazırda sərhədlərlə bağlı 3 müəyyənləşdirilməmiş ərazi qalıb. Samur çayı isə onlardan ən çətinidir.