
Attestat pulsuzdur.
Təhsil haqqında sənəd
pulla satılmır, biliklə
alınır. Proses artıq
başa çatdı. Kəsilənlər
isə növbəti ildə
buyurub bir daha
özlərini sınaya bilərlər
Respublikanın bütün ümumtəhsil məktəblərində 3 - 16 iyun tarixlərində keçirilmiş orta təhsil kursu üzrə buraxılış imtahanlarının nəticələri elan olunar-olunmaz narazı şagird və valideynlər Təhsil Nazirliyinin qarşısına üz tutdular. Nəticələrin elan olunmasından 10 gündən artıq vaxt keçsə də, hələ də nazirliyin qarşısında dayananlardan çoxları buranı tərk etək istəmir və hər gün gəlib burada narazılıqarını göstərməyə çalışırlar.
Baxmayaraq ki imtahanın nəticələrindən narazı qalan şagird və onların valideynləri üçün iyunun 22-dən 30-dək fəaliyyət göstərən apellyasiya komissiyasının da işi yekunlaşmış hesab olunur. Hələ imtahanın cavablarının açıqlandığı günün səhərisi nazirliyin qarşısında toplaşan validenylərin bəziləri ilə görüşüb söhbət etmişdik. Onların arasında orta məktəblərdə attestat almaq üçün onlardan pul istənildiyini deyənlər var idi. Amma valideynlərin sözlərinə görə, attestat üçün tələb olunan məbləğ 200 - 500 manat arasında idi.
İmtahanlar başlamazdan öncə isə təhsil naziri Misir Mərdanov dəfələrlə mətbuat vasitəsilə valideynlərə və şagirdlərə müraciət edərək onların attestat üçün pul verməmələrini demişdi və attestatın pulsuz olduğunu bəyanlamışdı. Lakin sonradan bəzi valideynlər onlardan müəyyən məbləğdə pul istənildiyini iddia edirdilər. Bu söhbətlər hələ də səngiməyib və narazı valideynlərin attestat tələbi ilə qəzetlərə münasibət bildirməsi davam edir. "Yeni Müsavat" qəzetinin dünənki sayında isə Səmayə Allahverdiyeva adlı şikayətçinin münasibəti yer alıb. Qəzetin yazdığına görə, Bakı şəhəri 36 saylı orta məktəbi bitirən övladının attestat ala bilməməsinə etiraz edən şikayətçi deyir ki, attestat üçün sözügedən məktəbin rəhbərliyi ondan 4 min manat pul tələb edib. Şikayətçinin qeyd etdiyi məbləğin kifayət qədər böyük olması həqiqətən diqqətçəkəndir. Bəs görəsən, doğrudanmı şikayətçidən bu qədər pul istənilib? Düzdür, istənilibsə belə, bunu heç kəs etiraf etməyəcək. Amma hesab etmək olar ki, bu, indiyə qədər attestat üçün tələb olunan məbləğlərdən bəlkə də ən yüksəyidir.
Məsələ ilə bağlı 36 saylı orta məktəblə əlaqə saxladıq. Tətillə əlaqədar məktəbdə rəhbərlikdən heç kəsin olmadığını dedilər. Amma suallarımızı təhsil müəssisəsinin təsərrüfat işləri üzrə müdiri cavablandırdı. O bildirdi ki, bu il 36 saylı məktəbin məzunlarından yalnız 4 nəfər mərkəzləşdirilmiş qaydada təşkil edilən test imtahanlarından keçə bilməyərək attestat almayıb. Yerdə qalanlar isə uğurlu imtahan nəticələri göstərdikləri üçün təhsil sənədi ilə təmin olunublar: "Şikayət edənlər uşağı oxumayanlardır ki, lazım olan vaxtda imtahandan keçə bilmirlər. Valideynlər hay-küy yaratmaqdansa, uşaqlarına vaxtında sual etsinlər "niyə oxumursan"? Biz dəfələrə xəbərdarlıq edirik, valideynlər ölçü götürmürlər. Uşaq imtahandan kəsiləndə isə əsassız bəhanələrlə məktəb rəhbərliyini günahlandırırlar".
Qaldı ki valideyndən 4 min manat pul tələbinə, müsahibim bu fikirlərin tamamilə əsassız olduğunu dedi.
Məsələ ilə bağlı Bakı şəhəri üzrə Təhsil İdarəsinin ictimaiyyətlə əlaqələr sektorunun rəhbəri Zəminə Əliqızı ilə əlaqə saxladıq. O bizimlə söhbətində xatırlatdı ki, artıq orta məktəblərdə mərkəzləşdirilmiş qaydada keçirilən test imtahanları yekunlaşıb və nəticələr də bəllidir. Attestatların pulla verilməsi məsələsinə dəfələrlə aydınlıq gətirlidiyini deyən Z.Əliqızı bir daha bəyan etdi: "Attestat pulsuzdur. Təhsil haqqında sənəd pulla satılmır, biliklə alınır. Proses artıq başa çatdı. Kəsilənlər isə növbəti ildə buyurub bir daha özlərini sınaya bilərlər".
Konkret şikayət olunan 36 saylı məktəbə və şikayətçinin iddialarına gəlincə isə BŞTİ rəsmisi bunları söylədi: "Şikayətçinin adının nə dərəcədə dəqiq olduğu məlum deyil. Əgər həmin adamın əlində faktı varsa, buyursun müraciət etsin. Bundan başqa, əgər hər hansı valideyn hesab edirsə ki onun övladı bütün sulları cavablandırdığı halda imtahandan kəsilib, onda apellyasiya komissiyasına şikayət edib reallıqla tanış ola bilərdi". Xatırladaq ki, bu il respublika üzrə keçirilmiş orta ümumtəhsil məktəblərindəki mərkəzləşdirilmiş qaydada keçirilən imtahanlardan kəsildiyinə görə 19.770 şagird attestat ala bilməyib.