Elşən Əsədov: "Tarif Şurasının qərarı qaz təsərrüfatının
maliyə imkanlarını genişləndirəcək"

Azərbaycanın Tarif Şurası iyunun 30-da keçirilən növbəti iclasında məişət istehlakçıları üçün qazın qiymətlərinin 2,1 dəfə artırılması haqqında qərar qəbul edib.
Şuranın qərarı ilə qazın hər 1000 kubmetrinin qiyməti 47,2 manatdan 100 manata kimi artırılıb. Tariflərin artırılması əhalinin təbii qaz təchizatının yaxşılaşdırılması məqsədi güdür. Qərar 2009-cu ilin iyul ayının 1-dən qüvvəyə minib. "Trend"in Tarif Şurasının katibi Elşən Əsədovla müsahibəsi.
- Təbii qazın qiymətinin dəyişdirilməsinin səbəbləri nədir?
- "Azəriqaz" QSC əhali istehlakçı qrupuna satılan qazın qiymətinə yenidən baxılmasına dair Tarif (qiymət) Şurasına müraciət etmişdir. Müraciətdə təbii qazın əhali istehlakçı qrupu üzrə mövcud qiymətinin qazın satışına çəkilən xərcləri ödəmədiyi bildirilib, 2008-ci ildə qaz təchizatı üzrə fəaliyyətdən 32,7 mln. manat zərərin yarandığı və cari il üzrə də həmin göstəricinin bu səviyyədə proqnozlaşdırıldığı qeyd olunub.
Göstərilənlər, eləcə də təbii qaz təchizatının yaxşılaşdırılması üçün zəruri investisiyaların həyata keçirilməsi, alınmış təbii qazın dəyərinin tam şəkildə ödənilməsi, büdcə üzrə öhdəliklərin yerinə yetirilməsi və s. tədbirlərin reallaşdırılması baxımından yeni tariflərin müəyyən olunması zəruri məsələ kimi qarşıda dururdu. Düzdür, qeyd olunan tədbirlərin bir hissəsi dövlət büdcəsindən ayrılan vəsaitlər, alınan təbii qaza görə və büdcəyə ödənişlərin qismən aparılması şərti ilə həll edilib ki, bu da normal hal hesab edilə bilməzdi. Bu baxımdan da mövcud problemlərin həlli məqsədilə verilmiş təkliflər müzakirə olunub və tarif dəyişikliyinin yuxarıda göstərilən məsələlərin həllinə təsiri nəzərə alınaraq əhali istehlakçı qrupu üçün 1000 kubmetr təbii qazın qiyməti 100,0 manat səviyyəsində təsdiqlənib.
- Təbii qazın qiyməti və bir abunəçiyə düşən təbii qaz istehlakı digər ölkələrlə müqayisədə necə dəyişir?
- Təhlillər göstərir ki, son illər ölkəmizdə təbii qazın istehlakı ildən-ilə artır. Belə ki, ölkəmizdə 2007-ci illə müqayisədə 2008-ci ildə təbii qazın ümumi istehlakı 10,5 faiz, əhali istehlakçı qrupunun istehlakı isə 20 faiz artıb. Müvafiq dövrdə əhali qrupundan olan bir abunəçiyə düşən istehlakın həcmi isə 13,4 faiz yüksəlib. Hazırda dünyada eneryi daşıyıcılarına tələbatın artdığı və bu səbəbdən də eneryi daşıyıcılarının qənaətlə istifadə olunduğu bir şəraitdə ölkəmizdə qiymətlərin aşağı olması səbəbindən istehlakda israfçılığa yol verilməsi, qeyri-standart cihazlardan istifadə olunması kimi problemlər yaranır. Belə ki, Azərbaycanda Türkiyə, Slovakiya, Macarıstan, Qırğızıstan, Gürcüstan kimi ölkələrlə müqayisədə əhali istehlakçılarının təbii qaz istehlakının həcmi 2,0-2,9 dəfə çoxdur. Bundan əlavə, əhali istehlakçı qrupunun qiyməti ilə müqayisədə digər qruplar üçün müxtəlif tariflərin tətbiq edilməsi təbii qazdan israfçılıqla istifadəyə və qiymət manipulyasiyalarına imkan yaradır. Qeyd etmək lazımdır ki, Azərbaycanda əhali üçün təbii qazın qiyməti Türkiyə, Qazaxıstan, Ukrayna, Latviya, Gürcüstan, Moldova kimi ölkələrlə müqayisədə 1,2-11,7 dəfə ucuzdur.
- Qazın yeni tarifi əhalinin sosial vəziyyətinə necə təsir edəcək?
- İlk növbədə qeyd etməliyəm ki, əhalinin əksəriyyət hissəsini təşkil edən qaçqın və məcburi köçkünlərin qaz istehlakı xərcləri müəyyən olunmuş limitlər çərçivəsində tamamilə dövlət büdcəsindən maliyyələşdirildiyi üçün qiymət dəyişikliyi bu qrup əhaliyə heç bir təsir göstərməyəcək. Bu kateqoriyadan olan abunəçilərin sayı 71,5 min ailə təşkil edir ki, bu da orta hesabla 336 min nəfərə yaxın əhali deməkdir. Əhalinin aztəminatlı təbəqələrinə gəldikdə isə məlumdur ki, aztəminatlı ailələrə ünvanlı sosial yardımın təyin edilməsi üçün ehtiyac meyarının həddi daha 5 manat artırılacaq və bu artım cari ilin iyul ayından etibarən tətbiq olunacaq. Hesablamalara görə, tarif dəyişikliyindən sonra istehlak səbətində nəzərdə tutulmuş təbii qazdan istifadə xərci bir nəfər üçün aylıq 1,1 manatadək yüksələ bilər. Bu isə ehtiyac meyarının artırılmış məbləğinin cəmi 1,1 manatının bu məqsəd üçün sərf olunacağı deməkdir. Hazırda Azərbaycanda sosial yardım alan ailələrin sayı 165-170 min arasında dəyişir ki, bu, təxminən ailə üzvləri ilə birlikdə 750-800 min nəfəri əhatə edir.
- Tarif dəyişikliyinin qaz təsərrüfatının inkişaf etdirilməsinə hansı təsiri olacaq?
- Tarif dəyişikliyindən sonra qaz təsərrüfatının maliyyə imkanları genişlənəcək ki, bu da qaz təsərrüfatı sistemində nəql, paylayıcı şəbəkə, saxlama kimi infrastrukturların yeniləşdirilməsi, ölçmə, hesabların verilməsi və uçot sisteminin müasir texnologiyalar əsasında qurulması, təchizatın etibarlılığının artırılması, itkilərin minimuma endirilməsi, istehlakçıların keyfiyyətli və etibarlı qaz təminatının daha da yaxşılaşdırılması imkanlarını artıracaq.