Komitəyə heç bir dini icma müraciət etməyib
"Hələlik bizə heç bir dini icma yenidən qeydiyyatdan keçmək üçün müraciət etməyib. Vaxt isə ötür, nə qədər tez müraciət etsələr, bir o qədər yaxşıdır". Bu sözləri "Həftə içi"nə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) hüquq şöbəsinin müdiri Yusif Əsgərov bildirib. Qeyd edək ki, "Dini etiqad azadlığı haqqında" qanuna edilən sonuncu əlavə və dəyişikliklərə görə, dini icmalar yenidən qeydiyyatdan keçmək üçün bu ilin sonunadək adıçəkilən komitəyə müraciət etməlidirlər. Proses sadə olsa da, bu məsələ ilə bağlı dini icma həm rayon icra hakimiyyəti, həm Qafqaz Müsəlmanları İdarəsi, həm də DQİDK-nin razılığını almalıdır. Y.Əsgərov qeyd edib ki, bu orqanlara nə qədər tez müraciət olunarsa, işin xeyrinədir: "Ola bilər sənədlərdə hansısa çatışmazlıqlar aşkarlansın və onu düzəltməyə vaxt çatmasın". DQİDK-nin rəsmisi onu da vurğuladı ki, qanunla nəzərdə tutulan vaxt başa çatdıqdan sonra qeydiyyatdan keçməyən dini icmaların fəaliyyəti qanunsuz hesab olunacaq və onlar məsuliyyətə cəlb ediləcəklər.
Elnur