
İran Azərbaycanın Xarici İşlər Nazirliyinə (XİN) nota göndərib. XİN-nin mətbuat katibi Elxan Poloxovdan aldığımız məlumata görə, notada səfirin hələ bir müddət Bakıda olmayacağı, onun səlahiyyətlərini isə, İran səfirliyinin birinci katibinin icra edəcəyi bildirilir: "Bu standart prosedurdur. Səfirlik səfirin müvəqqəti olmayacağı ilə bağlı məlumat verir və onun səlahiyyətlərini kimin icra edəcəyi ilə bağlı Xarici İşlər Nazirliyini məlumatlandırır. Səfir geri qayıdaraq öz səlahiyyətlərinin yenidən icrasına başladığı zamanı da səfirlik XİN-ə bu cür xəbərdarlıq notası göndərəcək". E.Poloxov onu da bildirdi ki, səfirlik səfirin hansı səbəbdən getdiyini açıqlamağa məcbur deyil. Çünki bu müxtəlif səbəblər ola bilər. Qeyd edək ki, bir neçə gün əvvəl İranın Bakıdakı səfirinin İsrail prezidentinin Azərbaycana səfərinə etiraz olaraq Azərbaycanı tərk etməsinə dair məlumatlar yayılıb. İran səfirliyi isə diplomatın Bakıda olmadığını təsdiqləsə də, hansısa açıqlama vermir. "Hansısa dövlət Azərbaycandan ona təhlükə gəlməsi barədə fikirlər səsləndirməsin. Biz sülhsevər dövlətik və öz xarici siyasətimizi yürüdürük. Bundan heç bir dövlətə ziyan gəlmir.
Çünki Azərbaycan xarici siyasətini heç bir dövlətə ziyan verməmək prinsipi üzərində yürüdür" - bu fikirləri isə jurnalistlərin suallarını cavablandıran Prezident Administrasiyasının beynəlxalq əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov səsləndirdi. N.Məmmədov sonda İsrail prezidenti Şimon Peresin Azərbaycana səfəri ilə bağlı İranın səfirini geri çağırması barədə məlumatı olmadığını da söylədi. Onun sözlərinə görə, rəsmi Bakı digər dövlətlərin xarici siyasətinə qarışmır: "Bu, təbii haldır və beynəlxalq münasibətlərdə bu prinsip qorunmalıdır".