
FİDE şahmatçıların növbəti reytinq cədvəlini tərtib edib. İyul ayı üçün tərtib olunan cədvəlin ilk iyirmiliyində 3 azərbaycanlı qrossmeysterin də adına rast gəlmək mümkündür.
Livesport.az saytının yaydığı məlumata görə, bunlar arasında ən yüksək göstəriciyə Teymur Rəcəbov sahibdir. Aktivində 2756 balı olan Teymur macarıstanlı Peter Leko ilə 7-8-ci pillələri bölüşdürür.
İlk onluğun bir addımlığında dayanmış Vüqar Həşimovun əmsalı 2739-a bərabərdir.
Vaxtilə dünyada 4-cü əmsala malik olmağı bacaran Şəhriyar Məmmədyarov isə artıq 19-pilləyə yuvarlanıb.
Maraqlıdır ki, ilk iyirmilikdə Azərbaycandan çox yalnız Rusiya təmsil olunub və bu amil sevindirməyə bilməz. Lakin etiraf etməliyik ki, Teymur sabit oyunu, Vüqar isə yüksəlişdə olmaqla bizləri nə qədər sevindirirsə, Şəhriyar bir o qədər üzür. Başqa sözlə indidən əminliklə söyləmək olar ki, Şəhriyar şahmata daha ciddi yanaşmasa, növbəti dəfə reytinq cədvəli açıqlananda onun adına ilk iyirmilikdə rast gəlməyəcəyik.
Nəzərə almaq lazımdır ki, dünyanın bir çox ölkəsi ilk iyirmilikdə heç olmasa bir şahmatçıyla təmsil olunmaq üçün dəridən-qabıqdan çıxır. Yəni bu gün biz bu cür uğura imza atmışıqsa, "şadlığımıza şitlik" etməməliyik. Bu sözlər federasiya rəhbərliyinə ünvanlanır. Axı bu cür istedadların yetişməsi üçün onillər tələb olunur. Şəhriyarın əməlli-başlı parlamamış sönməsinə nəyə görə yol verirsiniz, cənablar???
Daha bir məqam gənc nəslin yetişməsi ilə bağlıdır. Həqiqətənmi Azərbaycan Şahmat Federasiyası (AŞF) gələcək barədə nikbin düşünə bilər? Axı şahmatın kütləviliyinə nail olmaqla yanaşı, istedadlı gənclər üçün lazımi şərait yaradılmalıdır. Onları şəxsi vəsaitləri deyil, federasiyanın hesabına müxtəlif beynəlxalq yarışlara göndərmək lazımdır. Tapşırıq, tanışlıq, qohumbazlıq və "kimin kisəsi genişdi, buyursun" prinsiplərindən əl çəkilməsə, 8-10 ildən sonra nəinki iyirmilikdə, heç yüzlükdə də azərbaycanlı soyada rast gəlməyəcəyik. Rast gəlsək də, qarşısında Azərbaycan bayrağı olmayacaq...
İndi də ən çox ümid bəslənilən Teymur Rəcəbov və Vüqar Həşimov barədə. Reytinqə və nüfuzuna görə ilk olaraq Teymurun perspektivi haqda danışmaq istəyirik.
Rəcəbovun oyun üslubunda romantik şahmat əsrindən əsər-əlamət tapmaq mümkün deyil. Praqmatik oyun üslubuna üstünlük verən 22 yaşlı Azərbaycan təmsilçisi, məhz bu səbəbdən də nadir hallarda məhsuldarlıq sərgiləyir. Doğrudur, bunun nəticəsində Rəcəbovun il ərzundə məğlub olduğu partiyaların sayını barmaqla saymaq mümkündür. Ancaq məsələnin digər tərəfi də var. Teymurun riskə getməməsi onun heç vaxt dünya şahmat Tacına yiyələnə bilməməsi ilə nəticələnə bilər. Şahmatımızın lideri uzun illərdir ki, dünyanın ən elitar şahmatçıları sırasındadır. Ancaq unutmaq olmaz ki, şahmat günü-gündən gəncləşir və Teymurdan 3 yaş kiçik olan norveçli Maqnus Karlssen dünya sıralamasında artıq 3-cü pillədədir.
İndi də son bir ildə dünyaya səs salmağı bacaran Vüqar Həşimov barəsində. Bu 23 yaşlı gənc barədə saatlarla danışmaq olar. Ancaq son bir il ərzində neçə-neçə dünya şöhrətli ulduza qan uddurmasını və bunun nəticəsində fantastik sıçrayışa nail olmasını xatırlatmaq kifayət edərdi. Özü də Həşimovun oyun üslubu göz oxşayır. O, sanki dünya şahmatına yeni nəfəs gətirib. Qurban verməkdən çəkinməyən, kombinasiyalı oyun üslubuna üstünlük verən, rəqibin ad-sanından qətiyyən çəkinməyən Vüqar şahmat Olimpini fəth etmək iqtidarındadır. Lakin bunun üçün bir neçə şərt var. Həşimov inkişaf sürətini azaltmamalıdır. O, "ulduz xəstəliyi"nə tutulmamalıdır. Riskli şahmatı təhlükəli həddə qədər çatdırmamalıdır. Bax onda Vüqar Həşimovun sıralamadakı nömrəsinin ya birinci, ya da sonuncu rəqəmi silinər. Başqa sözlə Həşimov 11-ci yox, birinci olar.