
"Çeçen və Azərbaycan xalqları arasında münasibətlər həmişə müsbət olub. Amma bu münasibətlər hələ də yüksək səviyyəyə çatmayıb" - bu sözləri Çeçenistan Respublikasının prezidenti Ramzan Kadırov bildirib. Onun sözlərinə görə, bu münasibətlərdə mədəni və iqtisadi danışıqlar görünmür:
"Təəssüf ki, iki xalq arasında əlaqələr, sadəcə, çeçenlərin sizin ölkəyə getməsi, Qroznıda isə özəl sahibkarlıqla məşğul olan Azərbaycan diaspor təşkilatının fəaliyyətidir. Biz irəliyə baxmalıyıq. Münasibətlərimizin yeni keyfiyyət, qarşılıqlı əməkdaşlıq səviyyəsinə yüksəlməsinə çalışmalıyıq. Məlumdur ki, sovetlər dövründə neft ehtiyatları ilə zəngin olan Bakı ilə Qroznı ölkə iqtisadiyyatının donorları olub. İndi bu ölkə dünya xəritəsində yoxdur və o cümlədən iki hərbi əməliyyat nəticəsində Çeçenistanda neft sənayesi dağıdıldı. Mənə elə gəlir bu sahə maraq dairəsində olmalıydı. Ancaq mədəni əlaqələrin qurulması da əz əhəmiyyət kəsb etmir".
R.Kadırov Çeçenistan iqtisadiyyatının inkişafından da danışıb. Bildirib ki, məlum hadisələrdən sonra çoxları qısa müddət ərzində Çeçenistan iqtisadiyyatının dirçəlməsinə şübhə ilə yanaşdılar. Lakin prezidentin müharibənin nəticələrinin aradan qaldırılmasını nəzərdə tutan dövlət proqramına uyğun olaraq iqtisadi inkişaf və islahatlar həyata keçirildi. Respublikanın müxtəlif yerlərində tikinti işləri aparıldı. Məktəblər, tibb müəssisələri inşa edildi, on minlərlə insan yeni mənzillərlə təmin edildilər. Hər il min insanın daimi iş yeri ilə təmin olunmasına baxmayaraq, hələ də işsizlik mövcuddur. Prezident Çeçenistan iqtisadiyyatının maraq doğuracaq amillərinə də toxunub. Bildirib ki, Qroznıda Şimali Qafqazda ən böyük müəssisələrdən biri olacaq balıq və ət məhsullarını istehsal edəcək kombinatın tikintisi planlaşdırılıb: "Kombinatın layihəsi 1 milyard rubldur. Digər xarici dövlətlər də Çeçenistana investisiya yatırmaqda maraqlıdırlar. Belə ki, Cənubi Koreyadan olan işgüzar tərəfdaşlar ildə 25 milyon ədəd keyfiyyətli kərpic istehsal edə biləcək güclü müasir zavod tikirlər. Slovaklarla 30 min azarkeş tutumlu ultramüasir stadionun tikintisinə dair 8 milyard rubl dəyərində müqavilə imzalanıb. Arqun çayı üzərində isə hidroelektrik stansiyası kaskadının tikintisi ilə bağlı xorvatlardan təklif almışıq. Avropa və Asiyanın digər ölkə biznesmenlərindən də təkliflər gəlib. Çox təəssüf ki, bu sırada azərbaycanlı iş adamları yoxdur. Bu bizim birgə nöqsanımızdır ki, onu yaxın gələcəkdə aradan qaldırmalıyıq".
R.Kadırov Azərbaycanda məskunlaşan çeçenlərin bugünkü durumuna da toxunub. Prezident Azərbaycanda nə qədər çeçenin olduğu barədə dəqiq məlumata malik olmadığını desə də, 2002 - 2003-cü illərdə bu rəqəmin 1013 olduğunu bildirib: "Son 2 il ərzində respublikamızda təhlükəsiz yaşamaq üçün normal şərait yaradılıb. Düşünürəm buna görə respublikadan gedənlərin sayı azalıb".
R.Kadırov Rusiyanın Cənubi Osetiya və Abxaziyanın müstəqilliyini tanımasına da münasibət bildirib. Qeyd edib ki, Rusiya prezidenti bu məsələdə düzgün addım atıb. Onun addımı bu respublikalarda yaşayan insanların təhlükəsizliyinin qorunmasına xidmət edir. R.Kadırov Şimali Qafqazdakı mövcud vəziyyətə, xüsusilə də Azərbaycanın şimalında Dağıstanla əlaqələri olan quldur dəstələrinə qarşı aparılan əməliyyatlara da münasibət bildirib. Onun sözlərinə görə, əgər Şimali Qafqazdakı vəziyyətdən söhbət gedirsə, bu, hakimiyyətin bütün strukturlarının nəzarətindədir. Terrorçulara gəldikdə isə bu məsələ bütün bölgəyə aiddir: "Sadəcə, biz və qonşularımız KİV-in diqqət mərkəzində oluruq". R.Kadırov Dağlıq Qarabağ probleminə də münasibətini bildirib. Onun sözlərinə görə, münaqişə gec-tez sülh yolu ilə həll olunmalıdır: "Bizim xalq müharibənin nə demək olduğunu yaxşı bilir. Ona görə də biz müharibənin əleyhinəyik". R.Kadırov Rusiyanın Azərbaycanın şimalında vəziyyətin gərginləşməsində maraqlı olması ilə bağlı deyilənləri təkzib edib. Onun fikrincə, belə fikirdə olanların Rusiyaya antipatiyası var. Bu kimi qüvvələr iki ölkə arasında münasibətlərə kölgə salmağa cəhd göstərirlər.